Kiçik çillə bir neçə gündür ki, öz acı külək, qar, çovğun püskürən taxtından düşərək yerini Boz aya verib. El inanclarına görə, fevralın 20-dən Novruz bayramı başlayana qədər, yəni martın 20-nə kimi düz bir ay Boz ay davam edəcək. Bu, elə bir vaxtdır ki, artıq ana torpaq qış yuxusundan oyanır, dağlardan axıb gələn çaylarda sululuq artır, tarla və bağlarda isə becərmə mexanizmlərinin tanış səsi eşidilir.
Təbiət necə də gözəldir! Kol dibində, yamaclarda torpağın bağrını deşib rəngarəng ləçəklərilə mehribancasına Günəşə boylanan Novruzçiçəyinin xoş rahiyyəsi ətrafa yayılır. Tarlaların üzərindən qalxan yaz dumanı isə yaxınlıqdakı meşələrə tərəf hərəkət edərək hündür ağacların başı üzərində gözdən itir. Günəşin al şəfəqləri insanı torpaqla ünsiyyətə səsləyir. Gecikməz, vaxtı fövtə vermək olmaz. Torpaqda izin olmalıdır ki, süfrədə üzün olsun!
Bəli, bu gün Azərbaycan adlı bu gözəl məmləkətin hər guşəsində yazın ilıq nəfəsi duyulur. Vətənin quzeyindən – Qubadan, Qusardan tutmuş Cənuba doğru – Lerik, Astara, Lənkərana qədər, Abşerondan qərbə – Qazax, Tovuz bölgələrinə kimi fermer və torpaq pay mülkiyyətçiləri böyük arzu və ümidlərlə yaz-tarla işlərinə başlayıblar. Göyçayın, Ağdaşın, Kürdəmirin nar bağlarında da canlanma duyulur. Mil-Muğanın zəhmət ətirli taxıl zəmiləri indi yaşıl xalı kimi göz oxşayır.
Əkinçi tarlaya çıxanda, torpaqla bərabər insanın gözü də, qəlbi də sevinir. Xoşbəxtlikdən Azərbaycan kəndi son illər özünün sürətli inkişaf dönəmini yaşayır. Əsas səbəb isə budur ki, dövlət kəndə qayğısını əsirgəmir, torpaqda çalışan fədakar insanların əməyinə lazımınca qiymət, dəyər verir. XQ-nin aqrar sahə üzrə eksperti, KTN-nin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Mədət Qurbanov bizimlə telefon söhbəti zamanı dedi ki, son illər dövlətin maddi və texniki dəstəyini hiss edən fermerlərin torpağa bağlılığı daha da artıb. Aqrar sektorda çalışan alim və mütəxəssislər də öz öhdəsinə düşən vəzifələrin fərqindədirlər. Ümumi məqsəd ölkə əhalisini zəruri və keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdir. Nə yaxşı ki, bu missiya birgə səylərlə uğurla yerinə yetirilir!
Hörmətli oxucu, biz XQ redaksiyası olaraq vaxtaşırı “Regionlar” səhifəsi hazırlamaqla, sizi ölkəmizin bölgələrində gedən müsbət dəyişikliklərlə tanış etməyə çalışırıq. Bugünkü nömrəmizdə Azərbaycanın ən gözəl guşələrindən biri olan Masallıda son illər kartofçuluğun inkişafı istiqamətində əldə olunan uğurlar və onların sirri, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndində ting əkini, eləcə də ölkə əhalisinin yerli taxıl məhsulları ilə təmin etməyin vacibliyi və mümkünlüyü barədə nüfuzlu alimlərin tövsiyə və təklifləri ilə tanış etmək fikrindəyik.
Məsaim ABDULLAYEV
XQ

