XİN-də görüş və müzakirələr

post-img

Dünən 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Azərbaycan–BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Ölkəmizin BMT-yə üzv olmasından bəri təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkəmizin BMT-nin fəaliyyətində aktiv iştirakı, onun sülhməramlı əməliyyatlarına töhfələri qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib.

Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilində təşkilatla olduqca yaxşı qurulmuş əməkdaşlıq məmnunluqla qeyd edilib. Vətəndaşlarımızın öz yurdlarına ləyaqətli qayıdış prosesinə təhdid törədən mina təhlükəsi ilə mübarizə səylərində, humanitar minatəmizləmə fəaliyyətində əməkdaşlıq və dəstəyin əhəmiyyəti vurğulanıb.

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə də görüşüb.

Söhbətdə Azərbaycan–Litva ikitərəfli və çoxtərəfli münasibətləri, regional və beynəlxalq vəziyyət müzakirə olunub. İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan–Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Azərbaycan Respublikası və Litva Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr də aparılıb. Müzakirəyə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik ediblər.

XQ

Son xəbərlər