AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların və gənclərin həmkarlar ittifaqları sistemində rolunun artırılması istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri yeni layihələr, o cümlədən “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “AHİK Plus”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç” layihələri barədə deputatlara məlumat verib. Vurğulanıb ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, hazırda prosesin tam rəqəmsallaşdırılması işləri aparılır.

Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və həmkarlar ittifaqı sisteminin inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək qiymətləndirib. Musa Quliyev sosial sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, eləcə də AHİK-lə əlaqələrin inkişafının əmək hüquqlarının qorunmasında önəmini vurğulayıb.

Sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şərait, həmçinin Çağrı Mərkəzi ilə tanış olublar. Ardınca dövlət qurumları nümayəndələrinin və deputatların iştirakı ilə AHİK tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin açılışı olub. Konfederasiya sədri Sahib Məmmədov mərkəzin vəzifələri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, mərkəzdə əmək müfəttişləri tərəfindən ittifaq üzvlərinin müraciətləri cavablandırılacaq, əmək münasibətlərində qarşılaşdıqları hüquqi məsələlərlə bağlı onlara yardım göstəriləcək, maarifləndirmə işləri aparılacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və deputat Ziyad Səmədzadə Konfederasiya tərəfindən həyata keçirilən layihələrin, tətbiq olunan yeniliklərin önəmini vurğulayıb, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinə baxış keçirilib.

XQ



Son xəbərlər