Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət naziri ilə dialoqu

post-img

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb. O, Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran əsas maneələrdən bəhs edib. Ermənistan konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarından imtina edilməsinin Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.

***

Aprelin 28-29-da xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Hökumət missiyası Banqladeş Xalq Respublikasında səfərdə olub.

Səfər zamanı Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il iyulun 3-4-də Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.

Həmçinin E.Məmmədovun xarici işlər naziri Touhid Hossain ilə ikitərəfli görüşü keçirilib.

Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Banqladeşin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Banqladeş xarici işlər katibi Caşim Uddin rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

XQ



Son xəbərlər