Türkiyə Azərbaycanla üç hökumətlərarası sazişi təsdiqləyib

post-img

Türkiyə hökuməti Azərbaycanla turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığa dair hökumətlərarası sazişləri təsdiq edib. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədlər bu ölkə hökumətinin rəsmi nəşri olan “Resmi Gazete”də dərc edilib.

“Türkiyə və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş” 2024-cü il noyabrın 15-də Bakıda imzalanıb və iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsini hədəfləyir.

Saziş turizm sahəsində əlaqələrin dərinləşdirilməsi üzrə geniş spektrli tədbirləri, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsini, ümumi turizm marşrutlarının formalaşdırılmasını, qastronomiya turizminin stimullaşdırılmasını nəzərdə tutur.

“Türkiyə və Azərbaycan arasında su sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş”in imzalanma mərasimi 2024-cü il mayın 8-də Ankarada keçirilib. Sənəd su ehtiyatlarının səmərəli tənzimlənməsi və istehlakı məqsədi daşıyır ki, bu da aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək.

“Türkiyə və Azərbaycan arasında baytarlıq sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş” isə 2024-cü il fevralın 19-da Ankarada imzalanıb.

XQ

Son xəbərlər