İyulun 16-da Azərbaycan Respublikası Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açaraq Konstitusiyamızın 30 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, burada səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib. O, xüsusi vurğulayıb ki, ümummilli liderin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunub, bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulub.
Diqqətə çatdırılıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və dərin düşünülmüş siyasəti, sərkərdəlik məharəti, əsgər və zabitlərimizin qəhrəmanlığı 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatında tarixi zəfərləri təmin edib.
Sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuror Kamran Əliyev, Ədliyyə naziri Fərid Əhmədov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqləri ilə çıxış ediblər.
Konfransın praktiki hissəsində Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya, Belarus Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov, Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbek Abdusalomov, Moldova Konstitusiya Məhkəməsinin sədri Domnika Manole, İraq Federal Ali Məhkəməsinin sədri Munter İbrahim Hüseyn, Tacikistan Konstitusiya Məhkəməsinin sədri Abdulhafiz Aşurzoda, Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri Bertan Özerdağ, Qırğız Respublikası Konstitusiya Məhkəməsinin hakimi Çinarə Aydarbekova, Qazaxıstan Konstitusiya Məhkəməsinin hakimi Erkin Onqarbayev çıxış edərək, öz ölkələrində konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsi sahəsində mövcud təcrübələrini bölüşüblər.
Məruzələrdən sonra mövzular ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
***
Həmin gün Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi işə başlayıb. Konstitusiya Məhkəməsinin sədrliyi ilə keçirilən konqresdə Təşkilatın tamhüquqlu üzvləri olan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Konstitusiya məhkəmələrinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Şimali Kiprin Ali Məhkəməsinin sədrinin və İraq Federal Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətləri konqresə fəxri qonaq qismində qatılıblar.
Konqresin əvvəlində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, bu əlamətdar tədbirin ölkəmizdə keçirilməsinin önəmini vurğulayıb.
Konqres çərçivəsində Türk dövlətləri arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən “Bakı Bəyannaməsi” qəbul edilib, həmçinin Azərbaycan Konstitusiya Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsi və İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları imzalanıb.
XQ