Sentyabrın 5-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı Fərid Hacıyev qonaqların səfərinin parlament aparatları səviyyəsində münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirib. O, bu gün ölkələrimizin qanunvericilik orqanları arasındakı səmərəli əlaqələrdən söz açıb, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib.
Söhbətdə parlament aparatları səviyyəsində müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Həmin gün Milli Məclisdə Azərbaycan–Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
İşçi qrupun rəhbəri Sabir Hacıyev bildirib ki, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin təməlində dövlət başçılarının qarşılıqlı dostluq əlaqələri dayanır.
Söhbət zamanı Azərbaycan–Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Məşhur Məmmədov və Ülviyyə Ağayeva çıxış edərək dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini bildiriblər.
***
Sonra Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlamentin bir sıra şöbələrinin rəhbərləri ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
XQ