Qırğızıstan heyəti AHİK-də

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ölkəmizin əmək hüquqları sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.

Söhbət zamanı dinamik inkişaf edən Azərbaycan-Qırğızıstan əlaqələrindən danışılıb, yüksək səviyyəli səfərlərin və imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.

Görüşdə həmçinin Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verilib, üzvlərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması istiqamətində görülən işlərdən, tətbiq olunan yeniliklərdən və həyata keçirilən layihələrdən bəhs olunub. Qeyd edilib ki, Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təlimlər və ixtisasartırma kursları, əmək hüquqları, əməyin mühafizəsi və digər mövzularda maarifləndirmə tədbirləri keçirilir. Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri də Mərkəzdə təşkil edilən informasiya təhlükəsizliyi, süni intellekt və əmək hüquqlarına dair təlimlərdə iştirak edəcəklər.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde AHİK-lə əlaqələrin inkişafı istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Görüş çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sonra qonaqlar AHİK-də “Çağrı”, “Kurort” Turizm İnformasiya və Əməyin Mühafizəsi və Hüquqi Yardım mərkəzləri ilə tanış olublar.

XQ



Son xəbərlər