Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfikürd kəndində şəhid Etibar Kazımovun anası Kazımova Elmira Musa qızının yas mərasimində iştirak edib.
Rayon rəhbəri mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb. Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Qeyd edək ki, Milli Ordunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Etibar Xudavi oğlu Kazımov 2015-ci il martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Şəhidin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri




