Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Məclisdə əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış və onun inkişafına güclü təkan vermişdir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunun aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratmışdır.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını təşkil edən, ölkənin müstəqilliyini hüquqi cəhətdən təsdiqləyən fundamental sənəd kimi tarixə düşmüşdür. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Konstitusiyada təsbit olunan bütün müddəaların təmin olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, İlham Əliyevin 2003-cü ildə ali vəzifəyə seçildiyi dövrdən başlayaraq qarşısına qoyduğu strateji hədəf Ali Qanunumuzun müddəalarının bütün ölkə ərazisində təmininə yönəlmiş, Vətən müharibəsi və ardınca antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etmişdir.
Sonda Prezident İlham Əliyevin 20 oktyabr 2025-ci il tarixli sərəncamı ilə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş komitə əməkdaşlarına orden və medallar təqdim olunub.
XQ

