Azərbaycan və Qazaxıstan arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

post-img

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb.

Ədliyyə Nazirliyindən XQ-ə bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqi sahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib. Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə məhkəmə qərarlarının icrası və xüsusi icra institutunun tətbiqi, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma və süni intellektin tətbiqi, vətəndaşyönümlü rəqəmsal həllərdən istifadə, məhkəmə ekspertizası sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək məqsədilə Qazaxıstandan olan hakimlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədrisi imkanları planlaşdırılıb.

Son xəbərlər