BMT Azərbaycanın sivil dialoq modelini dəstəkləyir

post-img

Dekabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos arasında görüş keçirilib.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq münasibətləri və bu əməkdaşlığın gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Növbəti il Bakı şəhərində UNAOC-un tərəfdaşlığı ilə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məsələləri müzakirə olunub. Eyni zamanda, alyansın XII Qlobal Forumunun 2027-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünün UNAOC Dostlar Qrupu ilə birgə müzakirə edilməsi barədə razılıq əldə olunub.

Görüşdə “Bakı prosesi” çərçivəsində formalaşmış tərəfdaşlığın beynəlxalq mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynadığı vurğulanıb. Müzakirə zamanı Azərbaycanın UNAOC-la birgə həyata keçirdiyi təşəbbüslər, o cümlədən əvvəlki illərdə təşkil olunmuş beynəlxalq forumlar, cari dövrdə keçirilən tədbirlər və növbəti mərhələdə planlaşdırılan forumlar barədə fikir mübadiləsi aparılıb. Bu platformaların multikultural dəyərlərin təşviqi, dini və mədəni dözümlülüyün möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Qlobal çağırışlar fonunda mədəni diplomatiyanın rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunub. Tərəflər Azərbaycan ilə UNAOC arasında əməkdaşlığın bundan sonra da qarşılıqlı hörmət və ortaq dəyərlər əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

XQ

Son xəbərlər