Gələn il ayrılan məbləğ 1,5 milyard manat artaraq 8 milyard manatı ötəcək
Ölkəmizdə aparılan sosial islahatların mühüm bir istiqaməti 1,1 milyon insanı əhatə edən pensiya təminatıdır. Dövlət başçısının fərman və sərəncamları ilə 2018-ci ildən icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən, illik əlavə maliyyə tutumu 7,6 milyard manat olan 5 islahat paketi nəticəsində sosial ödənişlərdə ciddi artımlara - minimum pensiyada 3 dəfəyədək, aylıq pensiyada 2,6 dəfə artıma nail olunub. 2025-ci ilin əvvəlindən bütün pensiyalar indeksləşdirilərək 8,1 faiz artırılıb, minimum pensiya isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumatda bildirilir ki, 2018-ci ildən bəri orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə isə 234 manatdan 575 manata çatıb. 2026-cı ildə də pensiyaların indeksləşdirilərək artırılması gözlənilir. Bu da pensiyalarda növbəti artımlara imkan verəcək. Nəticədə, gələn il 590 manata və yaşa görə 629 manata çatacağı proqnozlaşdırılır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə 2,7 dəfə artım deməkdir.
Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) gələn il pensiya təminatı istiqaməti üzrə 7 milyard 993 milyon manat vəsait yönəldiləcək. 2018-ci ilə nisbətən bu göstəricidə 2,3 dəfə artım olacaq. Onu da bildirək ki, son illər humanist yanaşmalar tətbiq olunmaqla pensiya təminatına əlçatanlıq xeyli artırılıb. Erkən dövrdə yaşa görə pensiya hüququ yaranan şəxslərin sırası daha da genişləndirilib. Məsələn, 2019-cu ilin əvvəlindən pensiya yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilir.
Son illər qanunvercilikdə bir çox əlavə və dəyişiklik edilməklə erkən pensiya hüququ olan kateqoriyaların sırası da genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək sahələri sırasına isə yeni vəzifə və peşələr əlavə edilib. Bunun nəticəsi olaraq hazırda pensiya hüququ qazananların bir hissəsi müəyyən edilmiş yaşdan daha tez təqaüdə çıxırlar.
Yaşa görə pensiya təminatı ilə bağlı gözlənilən pensiya ödənişi müddəti 12 il (144 ay) götürülsə də, təhlillər göstərir ki, ölkəmizdə yaşa görə pensiya alanların 60 faizi 12 ildən artıqdır ki, pensiya alanlardır.
Növbəti dövlət büdcəsi ölkəmizdə sosial müdafiə xərclərində artım dinamikasının gələn il də davam edəcəyini, əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin dövlətin diqqət mərkəzində dayandığını bir daha təsdiq edir. DSMF-nin əhaliyə ödənişləri üzrə xərcləri 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə təqribən, 800 milyon manat çox olmaqla gələn il 8 milyard 196 milyon manata çatacaq. Bu da təkcə son 2 ildə fondun əhaliyə ödənişlərində 1,5 milyard manatdan artıq artımın olduğunu göstərir.
Mustafa KAMAL
XQ

