Xəbər verdiyimiz kimi, Azərbaycanda qardaş Özbəkistanın mədəniyyət günləri davam edir. Dekabrın 14-də Özbəkistanın Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri ölkəmizə səfərə gəlib. Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı da təşkil edilib. Sonrakı gün isə Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası gerçəkləşib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərdən başlanır. Xalqlarımızı oxşar milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Bu mənəvi və mədəni yaxınlığın bariz nümunələrindən biri də dahi özbək mütəfəkkiri Əlişir Nəvainin öz “Xəmsə”sini böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə almasıdır.
Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. İndi də çoxsaylı soydaşımız qardaş ölkədə yaşayır, sosial, ictimai, iqtisadi və digər sahələrində uğurla çalışır.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri sıx dostluğa, qardaşlığa əsaslanmaqla, yüksək səviyyəsinə çatıb. Bu münasibətlər iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində demək olar ki, bütün sahələrdə artan templə inkişaf edir.
Nazir müavini mədəniyyət günlərinin rəsmi toplantıdan daha artıq məna daşıdığını, iki qardaş xalq arasında mövcud olan qarşılıqlı hörmətin, səmimi münasibətlərin və dərin mənəvi bağlılığın bariz göstəricisi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin təşkili bütövlükdə Türk dünyasının mədəni həyatında mühüm və yaddaqalan hadisə kimi dəyərləndirilməlidir. Azərbaycan cəmiyyətində özbək mədəniyyətinə, Özbəkistanda isə Azərbaycan mədəni irsinə hər zaman böyük maraq, sevgi və ehtiramla yanaşılıb. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi formalaşmış ənənə olmaqla yanaşı, ortaq mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi məsuliyyətinin ifadəsidir. Bu ənənənin davam etdirilməsi isə ölkələrimiz arasında strateji tərəfdaşlığın nəticəsidir.
Fərid Cəfərov daha sonra diqqətə çatdırıb ki, hər iki xalq Türk dünyasının ayrılmaz tərkib hissəsi kimi eyni sivilizasiya məkanına mənsubdur. O, bu əməkdaşlığın beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı və onun mədəniyyət sahəsində fəaliyyət göstərən qurumları, eləcə də UNESCO, ICESCO və MDB çərçivəsində daha da genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Bahodir Əhmədov isə bildirib ki, son 3 il Özbəkistanla Azərbaycan arasında mədəni əlaqələr ardıcıl və yüksək dinamika ilə inkişaf etməkdədir. Onun sözlərinə görə, bir il əvvəl Özbəkistanda, Daşkənd şəhərində təşkil olunan Azərbaycan Mədəniyyət Günləri böyük maraq, səmimi qarşılanma və yüksək təşkilatçılıqla yadda qalıb. Bundan iki il əvvəl isə Özbəkistan Mədəniyyət Günləri Azərbaycan Respublikasında uğurla keçirilərək geniş ictimai rezonans doğurub.
Nazir müavini qeyd edib ki, hazırda Özbəkistan Mədəniyyət Günləri Bakı şəhərində, eləcə də Füzuli şəhərində reallaşdırılır. O vurğulayıb ki, tədbirlər proqramının hazırlanmasına xüsusi həssaslıqla yanaşılıb, bütün məqamlar öncədən nəzərə alınıb və tədbirin yüksək səviyyədə təşkili üçün genişmiqyaslı hazırlıq işləri aparılıb.
Bahodir Əhmədovun sözlərinə görə, bu mədəni tədbirlər xalqlarımızın mədəni irsinin bir-birini necə tamamladığını, ortaq tarixi köklərimizin dərinliyini və iki qardaş xalq arasındakı bağların nə qədər möhkəm olduğunu aydın şəkildə nümayiş etdirir.
***
Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib. Konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.
Proqramda qardaş ölkənin müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar şövqlə nümayiş etdirilib. Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomuradova ifasında “Küçələrə su səpmişəm” Azərbaycan Xalq mahnısı sürəkli alqışlarla qarşılanıb. Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva öz ifaları ilə gecəyə rəng qatıblar.
Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, “Qarabağ” mahnısını da ifa etməsi könülləri oxşayıb. Xalqlarımızı əsrlərdən gələn ümumtürk kimliyi, ortaq tarix və mədəni köklər, eyni dəyərlər birləşdirir. Bu bağlılıq yüzilliklər boyu davam edən ədəbiyyat, musiqi, incəsənət və mənəvi irs mübadiləsi ilə bu günə qədər canlı şəkildə qorunub saxlanılıb. Ortaq dil, adət-ənənələr və dünyagörüşü xalqlarımız arasında sarsılmaz bir mənəvi körpü formalaşdırıb.
İki ölkə arasında siyasi münasibətlər isə dövlət başçılarımızın uzaqgörən, strateji və qətiyyətli siyasəti, eləcə də qarşılıqlı etimada əsaslanan şəxsi dostluqları sayəsində sadə tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik zirvəsinə yüksəlib. Bu müttəfiqlik regional və beynəlxalq müstəvidə ortaq maraqların qorunmasına xidmət edən möhkəm siyasi xətt kimi çıxış edir. Məhz bu siyasi həmrəyliyin təbii davamı olaraq, hazırda qardaş ölkələrimiz arasında mədəni əməkdaşlıq əlaqələri də özünün intibah dövrünü yaşayır. Birgə layihələr, qarşılıqlı mədəni günlər, sərgilər, ədəbi görüşlər və sənət mübadilələri xalqlarımızın bir-birini daha yaxından tanımasına, ortaq irsin yeni nəsillərə ötürülməsinə və ümumtürk mədəni məkanının daha da zənginləşməsinə mühüm töhfə verir.
Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminin qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçirilməsi planlaşdırılır. Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunur.
Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. 2 il öncə Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda, teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlərlə yadda qalıb.
Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmayılov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında öz performanslarını göstəriblər.
Ötən il isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
İyunun 11-də Daşkənddəki Özbəkistan Forumlar Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti gerçəkləşib.
Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Ozodbek Nazarbekov, digər rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, Azərbaycan musiqisinin, muğamının pərəstişkarı olan yüzlərlə tamaşaçı iştirak ediblər.
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA
XQ


