Milli memarlıq və inşaat mühəndisliyi mərkəzi

post-img

Azərbaycan Memarlıq və İnşaat Universiteti – 50

Bu günlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin yaradılmasının 50 illik yubileyi ölkənin milli-mədəni və elmi-pedaqoji sahədə əldə edilmiş uğurlarının daha bir önəmli göstəricisi kimi təntənə ilə qeyd edilir. Yarım əsrlik tarixinin son 34 ili müstəqil dövlətçiliyimizə xidmətdə keçən, ölkənin ali təhsil sistemində önəmli mövqeyi və rolu olan universitetin kollektivi əlamətdar hadisəyə ötən 50 ildə qazanılmış uğurların öyüncü və qarşıda duran vəzifələrin diktə etdiyi məsuliyyətlə nəzər salır.

Əvvəla, qeyd edək ki, bu yubiley təkcə bir ali təhsil ocağının tarixində ilk yarım əsrlik mərhələnin başa çatmasını yekunlaşdırmır, həm də ölkəmizin memarlıq və inşaat təhsilinin inkişafına göstərilmiş dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına imkan vermiş xüsusi diqqətin yaratdığı potensialın dəyərləndirilməsi fürsətidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də sovet dövlətinin ali rəhbərliyində çalışdığı zaman texniki ali təhsilin inkişafına verdiyi dəyər və mühəndislik sahəsinə yönəlik strateji baxışı Memarlıq və İnşaat Universitetinin formalaşmasında, onun gələcək inkişaf konsepsiyasının müəyyənləşməsində də həlledici rol oynayıb. Təsadüfi deyil ki, AzMİU məhz Ulu öndərin ölkəyə ilk rəhbərliyi dövründə yaradılmış, hakimiyyətə qayıdışından sonra isə universitet adı alaraq yeni bir mərhələyə qədəm qoymuş, çağdaş inkişafının istiqamətləri müəyyənləşdirilmişdir.

Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, ağıllı şəhər, yaşıl memarlıq, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır.

Yubileyə hazırlıq tədbirlərinə və yekun hesabata “Əsrə bərabər 50 il” devizini seçməyimiz də təsadüfi deyil. Bu yarım əsr təkcə universitetin yetkinlik yaşına çatmasını deyil, eyni zamanda, ali məktəbin Azərbaycanın sürətli inkişafa verdiyi töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşdırdığı intellektual və praktik bazanın, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağın ifadəsidir. Bu baxışın özülündə isə 1920-ci ildə respublikada yaradılmış ilk inşaat fakültəsindən başlayan mühəndislik təcrübəsi və quruculuq salnaməsi dayanır.

Bu gün Azərbaycan özünün ən sürətli inkişaf dövrünü yaşayır. Regionların yenilənməsi, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, yeni şəhər və kəndlərin qurulması, müasir infrastruktur şəbəkələrinin yaradılması – bütün bu genişmiqyaslı proseslər təhsildə güclü mühəndis və memar hazırlığına olan ehtiyacı daha da artırıb. Universitetin yetirdiyi minlərlə mütəxəssis Azərbaycanın müasir şəhərlərini, binalarını, körpülərini, su sistemlərini, yollarını, kommunikasiya xətlərini – bir sözlə, ölkənin müasir simasını formalaşdırmağa və inkişafın qarşıya qoyduğu böyük tələblərə cavab verməyə qadir olmalıdır.

Universitetimizin tarixi rəsmi olaraq 1975-ci ildən başlasa da, onun kökləri çox daha dərindir. 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılan inşaat fakültəsi, 1930–1934-cü illərdə fəaliyyət göstərən İnşaat və Memarlıq İnstitutu, ötən əsrin müxtəlif mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü AzMİU-nun əsasını formalaşdırıb.

Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa müddətdə kənd təsərüfatı ölkəsindən sənaye ölkəsinə çevrilməyə başladı. Bütün sahələrdə olduğu kimi, memarlıq və inşaat sahəsində də genişmiqyaslı layihələr başladıldı, yeni sənaye müəssisələri, yaşayış kompleksləri, mikrorayonlar tikilməyə başlandı. Məhz bu işlər bugünkü universitetin 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu olaraq müstəqil təhsil ocağı kimi formalaşmasını, ölkədə inşaat-memarlıq sahəsində ixtisaslaşmış ilk ali məktəbə çevrilməsini zəruri etdi.

Təhsil ocağına 1992-ci ildə universitet statusunun verilməsi, 2000-ci ildə isə Prezident Heydər Əliyevin tarixi fərmanı ilə ali təhsil müəssisəsinin adının rəsmi şəkildə “Azərbaycan Memarlıq və İnşaat Universiteti” kimi təsdiqi bu inkişaf yolunun ardıcıl mərhələləridir. Bu xronika göstərir ki, AzMİU-nun 50 illiyi həm də bir elm məktəbinin, bir ali ixtisas təhsili ənənəsinin, müasir dövrün memarlıq-inşaat düşüncəsinin formalaşmasının yubileyidir.

Bu gün AzMİU tarixinin yeni dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, böyük tikinti və nəqliyyat layihələrinin icrası, regionların davamlı inkişafı və müasir infrastrukturun formalaşdırılması üçün müasir tələblərə cavab verən mütəxəssis hazırlığı universitetimizin qarşısında duran böyük və məsuliyyətli vəzifədir.

Hazırda universitetin memarlıq, inşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, tikinti-iqtisad, mexanika və informasiya texnologiyaları, nəqliyyat, dizayn fakültələri ölkənin mühəndis təhsilinin aparıcı mərkəzlərindəndir. Universitetimizdə yüksək səviyyəli, təcrübəli mütəxəssislər və alimlərdən, eyni zamanda, gənc kadrlardan ibarət 600 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Tədris 3 dildə – Azərbaycan, ingilis və rus dillərində aparılır və 24 ixtisas üzrə bakalavr pilləsində mütəxəssis hazırlanır. Magistratura səviyyəsində 53 proqram üzrə tədris aparılır.

Universitetin nəzdində İnşaat Kolleci, Fizika-Riyaziyyat Təmayüllü Lisey, 2010-cu ildən Layihə İnstitutu fəaliyyət göstərir. Son illərdə həyata keçirdiyimiz islahatlar tədris prosesini müasir tələblərə uyğunlaşdırmağa, tələbəmərkəzli tədris modelinə keçidi təmin etməyə, beynəlxalq səviyyədə universitetin tanıdılması və nüfuzunun artırılmasına yönəlib.

Bu gün qürurla qeyd edə bilərik ki, 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat hidrotexniki və meliorativ mühəndis məzun olub. Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir.

Universitetin ölkənin inkişafındakı rolunun daha da artması, istehsalatın tələblərinin təmin edilməsi və əlaqələrin gücləndirilməsi məqsədilə 50 illik yubileyi ərəfəsində AzMİU-nun Məzun Assosiasiyası yaradıldı. Yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, Məzun Assosiasiyası artıq universitetin keçmişi, bu günü və gələcəyi arasında körpü rolunu oynayır. Bir ildən az vaxtda assosiasiya universitetin maddi-texniki bazasının gücləndirilməsi, laboratoriyalarının yenilənməsi, tələbələrin motivasiyasının artırılması və xeyriyyəçiliklə yataqxana binasının əsaslı təmir olunması üçün layihələndirilməsi ilə bağlı real işlər görüb. Məzun Assosiasiyası peşəkar əməkdaşlıq platforması olmaqla yanaşı, həm də universitetin tarixi yaddaşının, məzun birliyinin və sosial məsuliyyət ənənəsinin gücləndirilməsi deməkdir.

Rəqəmsallaşma və Süni İntellekt Strategiyasının tələblərinə uyğun inkişaf istiqamətlərimiz də diqqət mərkəzindədir. Təhsilin məzmununun elektronlaşdırılması, rəqəmsal qiymətləndirmə sistemi, virtual laboratoriyalar və 3D model əsaslı tədris modulları mühəndis hazırlığında artıq əsas vasitəyə çevrilib. Bu prosesə təkcə texniki yenilənmə kimi baxmaq olmaz. Bu, təhsildə tamamilə yeni fəlsəfədir: daha çevik, daha şəffaf və tələbənin inkişaf motivasiyasını artıran bir yanaşmadır. Şübhəsizdir ki, bu proses inkişaf edən xətlə davam etdiriləcək.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizdə rəqəmsal transformasiya prosesinin yeni mərhələsinə keçidi müəyyənləşdirir. Bu strategiya ali təhsil müəssisələrinin qarşısına intellektual texnologiyaların tətbiqi, rəqəmsal elmin inkişafı və yüksəkixtisaslı kadr hazırlığı sahəsində konkret vəzifələr qoyur. Azərbaycan Memarlıq və İnşaat Universiteti bu çağırışların cavabı olaraq rəqəmsal ekosistemin gücləndirilməsi, süni intellektə əsaslanan tədris və tədqiqat mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atır. Strateji Sərəncamdan irəli gələn tələblər universitetimizin fəaliyyətində yeni prioritetlərin müəyyənləşməsinə səbəb olmuşdur.

AzMİU Azərbaycanın aparıcı İT şirkətləri ilə birlikdə rəqəmsal layihələrin hazırlanması, tələbələrin real mühəndislik tapşırıqları üzərində çalışma imkanlarının yaradılması, habelə süni intellekt üzrə praktik təlimlərin təşkili istiqamətində əməkdaşlığı genişləndirir. Tələbə və müəllimlərin biliklərinin artırılması üçün universitetdə müxtəlif istiqamətlər üzrə İT kursları təşkil olunur.

Proqramlaşdırma, süni intellektin əsasları, məlumatların analizi, rəqəmsal modelləşdirmə kimi sahələri əhatə edən bu kurslar beynəlxalq akkreditasiyaya malik partnyor şirkətlərin dəstəyi ilə həyata keçirilir. Tələbələrin ali təhsil diplomu ilə bərabər beynəlxalq sertifikatlar alması onların məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Qlobal texnologiya şirkətləri ilə qurulan tərəfdaşlıq sayəsində universitetdə beynəlxalq praktikanı əks etdirən birgə layihələr də həyata keçirilir. Xarici ali məktəblərlə birgə (məsələn, İspaniya universitetindən süni intellektlə bağlı mütəxəssis dəvət etmişdik) tədqiqat proqramları, akademik mübadilə, professor-müəllim heyətinin və tələbələrin qarşılıqlı səfərləri təşkil olunur. Beynəlmiləlləşmə universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Süni intellekt, böyük verilənlər analitikası və rəqəmsal dizayn sahəsində ixtisaslaşmış universitetlərlə əməkdaşlıq AzMİU-nun potensialını daha da gücləndirir.

Müasir dövrdə təhsilin ölkənin iqtisadi inkişafında artan rolu, insan kapitalının prioritet istiqamət olması ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılmasını tələb edir. Beynəlmiləlləşmə ali təhsil müəssisəsinin bütün funksiyalarına, təhsilə, elmi tədqiqat fəaliyyətlərinə, idarəetməyə beynəlxalq standartlara söykənən yanaşmanın tətbiqindən ibarətdir. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi isə inkişafın vacib şərtlərindən biridir.

Beynəlmiləlləşmə prosesinin məntiqi davamı və universitetin qlobal ali təhsil standartlarına nə dərəcədə uyğun olmasının göstəricisi nüfuzlu beynəlxalq reytinq cədvəllərində yer almasıdır. “QS World University” reytinqində dünya səviyyəli universitetlər sırasına daxil olmaq və “QS Stars” yarışmasında maksimal – 5 ulduzla qiymətləndirilmək AzMİU-nun son illərdə əldə etdiyi nailiyyətlərdəndir. “The World University” reytinqində də mövqeyimiz ilbəil möhkəmlənir. “Green Metric, RUR” və bir sıra digər reytinqlərdə iştirak edir və dünya universitetləri ilə müxtəlif istiqamətlərdə yarışa qatılırıq.

Bununla yanaşı, beynəlxalq səviyyəli ali təhsil ocağı olmağın mütləq göstəricilərindən biri hazırlanan ixtisas proqramlarının beynəlxalq akkreditasiyadan keçməsidir. Bu yolda atılan ilk uğurlu addımlar memarlıq (RİBA), inşaat və nəqliyyat mühəndisliyi (JAAR) üzrə beynəlxalq qiymətləndirmədən keçməyimizdir.

Beynəlxalq tərəfdaşlıqların genişlənməsi, xarici universitetlərlə çoxşaxəli əməkdaşlıq, müəllim və tələbə mobilliyi, ikili diplom proqramları və birgə tədqiqat layihələrinin miqyasının artırılması AzMİU-nu regionda mühəndislik, memarlıq və dizayn təhsili üzrə beynəlxalq standartlara uyğun aparıcı ali məktəblərdən birinə çevirib. Universitetin bu istiqamətdə həyata keçirdiyi ardıcıl və strateji fəaliyyətin tərkib hissəsi olaraq AzMİU-nun qlobal təhsil məkanında öz mövqeyini möhkəmləndirir, həm də Azərbaycanın ali təhsil sisteminin beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verir.

Hazırda AzMİU dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə çoxölçülü əməkdaşlıq əlaqələrinə malikdir. Universitetin tərəfdaş şəbəkəsində İstanbul Texniki Universiteti və Yıldız Texniki Universiteti kimi Türkiyənin aparıcı ali məktəbləri, Milan Politexnik, La Sapiensa, Vestminster universitetləri kimi Avropanın yüksək reytinqli, habelə Cənubi Koreya, Çin, Mərkəzi Asiya ölkələrinin müxtəlif texnologiyayönümlü ali təhsil qurumları yer alır. Bu tərəfdaşlıqlar çərçivəsində tədqiqat mübadiləsi, müəllim və tələbə mobilliyi və rəqəmsal tədris mühitində birgə layihələrin icrası geniş şəkildə həyata keçirilir.

Universitetin beynəlxalq fəaliyyətində xüsusi yer tutan ikili diplom proqramları AzMİU tələbələrinə həm Azərbaycan, həm də tərəfdaş ölkələrin ali məktəbləri tərəfindən tanınan diplom əldə etmək imkanı yaradır. Hazırda ikili diplom proqramları Ankara Universiteti, Vestminster Universiteti, Texas Texniki Universiteti, Ege Universiteti, İstanbul Texniki Universiteti, Milan Politexnik Universiteti (memarlıq və dizayn ixtisasları) Leiriya və Coruna Universiteti ilə uğurla həyata keçirilir.

Beynəlxalq əməkdaşlıqlar vasitəsilə Azərbaycana qabaqcıl tədris metodologiyası, innovativ texnologiyalar və dünya təcrübəsi transfer olunur. Universitetimizin məzunları həm yerli, həm də qlobal əmək bazarında yüksək rəqabət qabiliyyətinə malik mütəxəssislər kimi formalaşır, ölkənin mühəndislik, memarlıq və dizayn sahələrində insan kapitalının inkişafına mühüm töhfə verirlər.

Ötən 50 il ölkəmizdə memarlar və inşaat sahəsi üzrə mühəndislər hazırlığında və universitetin bir ali təhsil ocağı olaraq inkişafında mühüm mərhələ olmuşdur. Məhz AzMİU-nun məzunları ötən əsrin 70-80-ci illərinin və müstəqillik dövrünün arxada qalmış 34 ili ərzində ölkədə həyata keçirilən böyük tikinti və yenidənqurma fəaliyyətinin aparıcı mühəndis qüvvəsini təşkil etmişlər.

Məzun və tələbələrimiz Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fədakarcasına iştirak etmiş, qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə ucalmışlar. Vətən müharibəsində Zəfəri canları bahasına yaxınlaşdıranların sıralarında AzMİU-nun 27 şəhid yetirməsi də var. Onlar bizim qürur mənbəyimiz və tələbələrimiz üçün örnəkdirlər.

Prezident İlham Əliyevin Azərbaycanın yüksək templə inkişafına, beynəlxalq aləmdə rolunun və nüfuzunun artmasına, xalqın rifahının yüksəldilməsinə istiqamətləndirilmiş siyasi strategiyası ölkənin müasir tələblərə cavab verən kadrlarla təmin edilməsini vacib şərt olaraq ön plana çəkmişdir. “Qara qızılın insan kapitalına çevrilməsi” ideyası davamlı olaraq konkret fəaliyyətlərlə həyata keçirilməkdədir. AzMİU Azərbaycanın təhsil sisteminin bir hissəsi olaraq bu böyük məqsədə uyğun işini qurur və fəaliyyət strategiyasını planlaşdırır.

Universitetimizin dərin köklərə malik elm və təhsil ənənələri, ardıcıl həyata keçirilən yeniləşmə siyasəti, nüfuzlu və müasir professor-müəllim heyəti yeni dövrdə yeni tələblər səviyyəsində qarşıda duran vəzifələrin öhdəsindən gələcəyinə və Azərbaycanın ən səviyyəli elmi tədqiqat universitetinə çevriləcəyinə əminlik yaradır.

Gülçöhrə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor











Təhsil