Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 19-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
David Manukyan ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlilləri səsləndirib. Belə ki, təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib. Arayik Harutyunyan son sözündə dövlət ittihamını müdafiə edən prokurorların təqdim etdiyi dəlillərlə razılaşmadığını söyləyib: “Burada müharibə cinayətləri təqdim olundu. Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var”.
Təqsirləndirilən şəxs David Babayan son sözünü rus dilində etmək istədiyini deyib. D.Babayana rus dilində çıxış etmək üçün şərait yaradılıb.
O, dövlət ittihamını müdafiə edən prokurorların və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini ümumi fikirlərlə səsləndirib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.
XQ

