Milli Məclisin yaz sessiyası başlandı

post-img

Fevralın 2-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Yaz sessiyasını açıq elan edən parlamentin sədri Sahibə Qafarova çıxışında bildirdi ki, Milli Məclis ötən ili uğurla başa vurub və Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün zəruri addımlar atıb. Sədrin sözlərinə görə, parlamentin beynəlxalq fəaliyyəti sessiyalararası dövrdə də davam edib: deputatlar 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, 6 ölkəyə 18 səfər həyata keçirilib, Milli Məclisdə 44 nəfərlik 6 xarici ölkənin nümayəndə heyəti qəbul olunub. S.Qafarova, həmçinin yanvarın 25–29-da Milli Məclisin nümayəndə heyətinin Bəhreyn, BƏƏ və Omana rəsmi və işgüzar səfərlərini uğurlu qiymətləndirdi.

Çıxışında Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edən Sahibə Qafarova onların 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında mühüm rol oynadığını bildirdi. Sonda yaz sessiyasının gündəliyinə toxunan spiker sessiyasın yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etdi.

Daha sonra Milli Məclisin deputatları Tahir Rzayev, Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Elnarə Akimova, Rövşən Muradov, Vüqar Bayramov, Fazil Mustafa və digərləri cari məsələlərlə bağlı fikirlərini bölüşdülər. R.Nurullayev mənzil-tikinti kooperativlərinin (MTK) məsuliyyətsizliyindən şikayətini dilə gətirdi: “Bu gün yüzlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri. Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır. “İstədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir”.

Daha sonra çıxış edən Fazil Mustafa dövlət sektorunda və bəzi strateji müəssisələrdə baş verən ixtisarların cəmiyyətdə potensial təhlükə yarada biləcəyindən bəhs etdi. Onun sözlərinə görə, müvafiq dövlət qurumlarında çoxsaylı işçilər ixtisar olunub və eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyi və Bakı Metrosunda da ixtisarlar müşahidə edilir: “İxtisar olunan işçilərin həm işlə təmin olunması, həm də müavinət ödənişlərinin təmin olunması vacibdir. Metroda çıxarılanlara işə götürəcəkləri vədi verilib, amma reallıqda onlar işlə təmin edilmir”. F.Mustafa qeyd etdi ki, işsizlərin sayının artması dövlətlə vətəndaş arasında gərginliyi artıra, sosial sabitliyi təhlükəyə ata bilər.

***

Cari məsələlər ətrafında aparılan müzakirələrdən sonra gündəliyə keçid edildi. İlk olaraq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi səsverməyə çıxarıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verdi. O qeyd etdi ki, Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və digər nümayəndələr iştirak edirlər.  

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə deputatlar çıxışlar etdilər. Fazil Mustafa Naxçıvan MR-in dövlət kimi tanıtımının konstitusiyadan çıxarılmalı olduğunu bildirdi. Milli Məclisin deputatı Əli Hüseynli isə öz növbəsində həmkarının fikrinə münasibət bildirərək, yenidən diskussiya açmağa ehtiyac olmadığını bildirdi: “Onu xatırlatmaq istəyirəm ki, Naxçıvan MR-in statusu konstitusiyada 8-ci fəsildə ehtiva olunub. Əsas mətnin dəyişdirilməsi, müzakirəsi tamamilə fərqli prosedur. Bu gün bu məsələ aktual deyil”. Aparılan müzakirələrdən sonra Konstitusiya qanununun layihəsi səsə qoyularaq II oxunuşda qəbul edildi. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktları artıq qərar deyil, sərəncam adlandırılacaq.

Daha sonra Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı ətrafında geniş müzakirələr aparıldı. Milli Məclisin deputatları Azay Quliyev, Zahir Oruc, Bəhruz Məhərrəmov və başqaları plana münasibətlərini bildirdilər. Azay Quliyev son dövrlər rəqəmsal klonlama və rəqəmsal təhlükəsizliklə bağlı narahatlıqların xeyli artdığını bildirdi. Onun sözlərinə görə, bir sıra şəxslərin, o cümlədən dövlət rəsmilərinin, hətta Prezidentin adından klonlaşdırılmış, saxta və yanlış məlumatlar yayılır. Deputat bildirdi ki, yaranmış vəziyyətin qarşısı alınmalı, rəqəmsal təhlükəsizliklə bağlı ayrıca qanun layihəsi hazırlanmalıdır. Edilən çıxışlardan sonra sessiya müddətində Dövlət Qulluğu Məcəlləsi, “Uşaq hüquqları haqqında” və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihələrinin qəbulu, həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olundu. 

MM-in Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibdə formalaşması barədə qərar səsləndirildi. Hesablayıcı komissiyasının tərkibinə deputatlar Eldar Quliyev, Mixail Zabelin, Sevinc Hüseynova, Naqif Həmzəyev, Rövşən Muradov, Soltan Məmmədov və Səbinə Salmanova, İntizam komissiyasının tərkibinə isə Eldar İbrahimov, Asim Mollazadə, Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Səttar Möhbaliyev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Nizami Səfərov daxil edildilər. Hər iki qərar layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin namizədliyini təsdiqlədi. İdman federasiyaları tərəfindən Rəşad Rəsullu, dini konfessiyalar tərəfindən Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən isə Həcərxanım Babayeva Yayım Şurasının yeni üzvləri seçildilər. Layihə səsverməyə çıxarılaraq qəbul olundu.

Gündəliyin növbəti məsələsi Azərbaycan və İordaniya arasında imzalanmış gömrük işi sahəsində əməkdaşlıq sazişi MM tərəfindən ratifikasiya edildi. Plenar iclasda, həmçinin “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya da eyni qaydada ratifikasiya edilərək səsvermədən sonra qəbul olundu. “Sahib­karlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2027-ci il yanvarın 1-dək dayandırılması barədə sənəd səsverməyə qoyularaq qəbul edildi.

Gündəlikdə duran növbəti məsələlər - Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında”, Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanun layihələri birinci,  “Patent haqqında” və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanun layihələri isə ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edildilər.

Bununla da MM-in yaz sessiyasının ilk plenar iclası öz işinə yekun vurdu.

Tacir SADIQOV 
XQ

 

Son xəbərlər