Azərbaycan Daşkənd neft-qaz sərgisində

post-img

Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Rövşən Nəcəfi, bp şirkətinin baş vitse-prezidenti Ariel Floresi, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib.

Rövşən Nəcəf Prezident Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Rövşən Nəcəf bp şirkətinin baş vitse-prezidenti Ariel Flores və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə birgə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə üçtərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən uzaqgörən siyasətə uyğun olaraq, “Üstyurt” layihəsinin uğurla həyata keçirildiyi qeyd olunub. Müzakirələr zamanı “Üstyurt” investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat fəaliyyətlərinin icrasına, tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonra bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.

Rövşən Nəcəfin “MOL Group” şirkətinin icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşündə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub.

Soydaşımız OGU-2026 sərgisi ilə də tanış olub. ARDNŞ sərgidə öz pavilyonu ilə təmsil olunur. Şirkətin pavilyonu OGU2026 beynəlxalq sərgisində “Ən Yaxşı Milli Stend Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb.

XQ

Son xəbərlər