Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ictimai, ədəbi-mədəni fikir tariximizin tanınmış simalarından sayılan Mikayıl Rəfilinin yubileyi ilə əlaqədar “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb.
Sərgidə Mikayıl Rəfilinin müəllifi olduğu əsərlər, dərs vəsaitləri, tərcümələri, tərtibçisi olduğu, ön söz yazdığı, redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Xatırladaq ki, Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində zəngin bir ailədə anadan olub. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə alıb. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olan Mikayıl Rəfili həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi olub, 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alıb və bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyib.
“Pəncərə” adlı ilk şeirlər kitabı iyirmi dörd yaşında “Azərnəşr”də işıq üzü görüb. 1930-cu ildə "Lirik şeirlər”, 1936-cı ildə isə rus şairi A.Tarkovskinin tərcüməsində şeir və poemalarından ibarət "Pesni o qorodax” kitabı Moskvada nəşr olunub.
Mikayıl Rəfili böyük tərcüməçi idi. Viktor Hüqonun "Gülən adam”, "Paris Notrdam kilsəsi”, "Səfillər” (I, II, III, V və VI hissələr), Balzakın "Qorio ata”, "Qobsek”, "Novellalar”, Tolstoyun "Dirilmə” (I və II hissələr), Puşkinin "Bağçasaray fontanı”, "Tunc atlı” əsərlərinin tərcümələri indi də bədii tərcümə tariximizin Qızıl Fonduna daxildir.
Mikayıl Rəfili M.F.Axundov haqqında "Səbuhi" adlı kinossenari, “Şirvanşah İbrahim” pyesini, "Xosrov və Şirin" adlı opera librettosu yazıb.
SSRİ Yazıçılar İttifaqının üzvü olub. Xidmətlərinə görə “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.
Mikayıl Rəfili 1958-ci il aprel ayının 25-də vəfat edib.