Ötən həftə Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış edib.
Ölkəmizi 80 kiloqram çəkidə təmsil edən güləşçilər Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyib, serbiyalı Milyan Rayiçə isə heç bir şans tanımayıb – 3:0.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub edib.
B qrupunda qərarlaşan Sahib Dadaşov Ramaz Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Vüsal Əliyev isə finalda Vasil Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.
A qrupunda İbrahim Yusubov (90 kq) finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun 3-lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev öz çəkisində dünya çempionu olub. İbrahim Yusubov isə dördqat dünya çempionu adını rəsmiləşdirib.
Qabil Əliyev
XQ