Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 80 illiyi münasibətilə Gəncədə silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan Milli Elmlər Akademiyası: 80 il elmin xidmətində” mövzusunda elmi konfrans təşkil olunub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb.
Konfransa institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sədrlik edib. O, iştirakçıları salamlayaraq, onları Akademiyanın 80 illik yubileyi münasibətilə təbrik edib.
Professor İbrahim Cəfərov çıxışında AMEA-nın yaranma tarixinə, ölkənin elmi həyatında tutduğu yerə və bu illər ərzində əldə etdiyi nailiyyətlərə nəzər salaraq, Akademiyanın gələcək inkişaf perspektivlərini iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin AMEA rəhbərliyinin – akademik İsa Həbibbəylinin və akademik İradə Hüseynovanın instituta səfərinin elmi fəaliyyətə verilən önəmin təzahürü olduğunu qeyd edib.
Daha sonra çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları yubiley münasibətilə təbrik edərək, AMEA-nın Gəncə Bölməsinin formalaşması, elmi istiqamətləri və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin bölgələrdə elmi mərkəzlərin yaradılmasına dair uzaqgörən siyasətindən söz açıb və bu kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Konfransda çıxış edən professor Vaqif Novruzov “Elmi kadrların yetişdirilməsində AMEA-nın rolu” mövzusunda təqdimatla çıxış edərək, elmi məktəblərin formalaşması və gənc tədqiqatçıların hazırlanması sahəsində AMEA-nın fəaliyyətindən danışıb.
Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev “Universitet elminin formalaşdırılmasında AMEA-nın izləri” mövzusunda, Azərbaycan Dövlət Aqrar Universitetindən dosent Sevda Abdullayeva isə “Azərbaycan təhsili və elm” mövzusunda çıxış edərək, elmin inkişafında ali təhsil müəssisələri ilə elmi-tədqiqat institutları arasında əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Konfransda gənc alimlər adından Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Jalə Hüseynzadə “Azərbaycan gəncliyi: elm axtarışında və inkişaf yolunda” adlı çıxışı ilə gənclərin elmə marağını və bu sahədə mövcud imkanları diqqətə çatdırıb.
Tədbirdə elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və gənc alimlərin dəstəklənməsi ilə bağlı məsələlər də geniş müzakirə olunub.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri