Bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması və sülh sazişini paraflaması onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır.
XQ xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı zamanı söyləyib.
Sahibə Qafarova bu əlamətdar hadisənin Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacağına ümidvar olduğunu bildirərək deyib: “Bu isə hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır”.