AMEA-nın Gəncə Bölməsində altı ayın hesabatı müzakirə olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA-nın Gəncə Bölməsində 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə həsr olunan hesabat iclası keçirilib.

Akademik Fuad Əliyevin sədrliyi ilə keçirilən iclasda AMEA Rəyasət Heyətinin İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud onlayn formatda iştirak edib.

İclası açan AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, təqdim olunan hesabatın müasir dövrün tələbləri və qarşıda duran vəzifələr baxımından qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Hesabatda qeyd olunub ki, cari ilin ilk altı ayında Bölmənin fəaliyyəti Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, o cümlədən ölkədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, “2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı”, eləcə də AMEA-nın 2026–2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsindən irəli gələn vəzifələr əsasında qurulub.

Bölmədə Nizami Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycan dilinin saflığı və inkişaf tarixi, Azərbaycan ədəbiyyatı, musiqi sənəti, Qərb bölgəsinin tarixi, arxeologiyası və etnoqrafiyası istiqamətlərində elmi tədqiqatlar aparılıb.

Altı ay ərzində “Gəncənin ziyalı xanımları”, “Gəncə incəsənəti” kitabları və “Gəncə Bölməsinin elmi əsərləri. Humanitar və ictimai elmlər üzrə” biblioqrafik toplusu nəşr olunub. Elmi müəssisələrdə 12 problem üzrə 17 mövzunu əhatə edən tədqiqatlar aparılıb. Bu müddətdə 3 kitab, 8-i xaricdə olmaqla 29 elmi məqalə, 5-i xaricdə olmaqla 21 tezis və konfrans materialı çap edilib, 22 elmi tədbir təşkil olunub.

AMEA-nın Gəncə Bölməsinin sədr müavinləri Rasim Tağıyev və dosent Əlimuxtar Muxtarov çıxış edərək ilk yarımildə görülən işləri qənaətbəxş qiymətləndiriblər.

Daha sonra Bölmənin elmi müəssisə və şöbələrinin rəhbərləri rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə hesabatlarla çıxış ediblər.

İclasın sonunda Elmi katib Günay Cəfərova qərar layihəsini təqdim edib və AMEA-nın Gəncə Bölməsinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti məqbul hesab olunub.

Qəbul edilən qərarda Prezidentin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasının gücləndirilməsi, Nizami Gəncəvinin irsinin daha dərindən araşdırılması, “Nizami Gəncəvi Ensiklopediyası” üçün materialların toplanmasının davam etdirilməsi, Nizami və Nəvainin yaradıcılığının müqayisəli tədqiqi, Gəncə və Qərb bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası, dialekt və şivələrinin müasir elmi metodlarla öyrənilməsi vacib vəzifələr kimi müəyyənləşdirilib.

Bununla yanaşı, əməkdaşların elmi nəticələrinin “Scopus” və “Web of Science” bazalarına daxil olan nüfuzlu jurnallarda dərcinin artırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi kadr hazırlığının gücləndirilməsi və elm ilə təhsilin inteqrasiyasının daha da inkişaf etdirilməsi əsas prioritetlər sırasında göstərilib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri







Elm