Rəqəmsal dövrdə kommunikasiya bacarıqlarının inkişafı prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Naxçıvan Təlim Mərkəzi yeni təlim mövsümündə Sosial Media Marketinqi (SMM) üzrə peşəkar təlimlərə start verib. Təlimin ilk sessiyası oktyabrın 20-də Naxçıvan regional “ASAN xidmət” mərkəzində keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərində fəaliyyət göstərən 43 əməkdaş iştirak edib.
Həftədə 4 saat olmaqla keçirilən və ümumilikdə 8 saat davam edəcək təlimlərdə iştirakçılar müasir sosial platformalarda effektiv kommunikasiya qurmaq üçün zəruri bacarıqları mənimsəyirlər. Proqram çərçivəsində kontent planlaşdırılması, auditoriyaya uyğun paylaşım strategiyalarının formalaşdırılması, platforma seçimi və vizual təqdimat prinsipləri kimi aktual mövzular ətrafında müzakirələr aparılıb. Təlimi aparan peşəkar sosial media mütəxəssisi Aslan Səfərov nəzəri biliklərlə yanaşı, praktik nümunələr üzərindən iştirakçılara sosial şəbəkələrdə effektiv kommunikasiya qurmağın yollarını nümayiş etdirib. Təlimin ilk günündə dövlət qurumlarının sosial media hesabları təhlil olunub, güclü və zəif tərəflər üzrə praktiki tövsiyələr verilib.
Naxçıvan Təlim Mərkəzi bu istiqamətdə həyata keçirdiyi təlimlərlə dövlət qurumlarının rəqəmsal imicinin gücləndirilməsinə, sosial mediada daha peşəkar və məqsədyönlü fəaliyyətin təşviqinə töhfə verməyi qarşısına məqsəd qoyub.
Səbuhi Həsənov
XQ