Botanika İnstitutunda yeni laboratoriyalar açılıb

post-img

İsveçrə Milli Elm Fondunun (SNSF) dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və İsveçrə Meşə, Qar, Landşaft Federal Tədqiqat İnstitutu (WSL) arasında “Azərbaycanda ağaclarla əlaqəli patogen göbələklər və oomisetlər: müxtəliflik, yayılma, yerli təsir və Avropa ağac növləri üçün potensial təhlükə” adlı ikitərəfli layihə çərçivəsində Mikologiya və ibtidai bitkilər şöbəsinin nəzdində iki yeni – mikoloji və molekulyar bioloji laboratoriya yaradılıb.

Bu barədə XQ-yə Botanika İnstitutundan məlumat verilib.

Laboratoriyaların rəsmi açılışında Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva qonaqlara elmi müəssisənin fəaliyyəti barədə geniş məlumat verib.

İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov yeni laboratoriyaların tədqiqat işinə verəcəyi töhfəni yüksək qiymətləndirib, bu barədə təklif və arzularını söyləyiblər.

Layihənin Azərbaycan tərəfindən rəhbəri biologiya elmləri doktoru professor Dilzarə Ağayeva və layihənin aparıcı elmi işçisi Karolina Korneco bir il ərzində görülən işlər, laboratoriyaların dizaynı, iş imkanları və laboratoriyada çalışacaq kadrların hazırlığı barəsində ətraflı məlumat təqdim ediblər.

Elm