“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik olunub. Nazirlər Kabinetinin 25 aprel 2025-ci il tarixli 137 nömrəli Qərarı ilə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatlarında düzəliş edilib. Eləcə də, müvafiq Qərar ilə 7 tarixi və memarlıq əhəmiyyətli obyekt - Heydər məscidi, Bakı şəhəri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası, Hacı Ağa Murad hamamı, Suvurma qülləsi, Müqəddəs Varfolomey kilsəsi, İnzibati bina, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin binası dövlət mühafizəsinə götürülən daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Qeyd edək ki, daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Həmin siyahıda 6308 tarix və mədəniyyət abidəsi mövcuddur ki, onlardan 4326-ı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarətindədir.
Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib.
Mövcud siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən nümunələrin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Sözügedən məsələlərin həlli istiqamətində Ekspert Şurası tərəfindən həyata keçirilən işlər davam etdirilir.