Ulu Türk ocağı Qırğızıstan deyilən “bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir...”
Türk dünyası Dirçəliş əsrini yaşayır
13 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən brifinqdə söylədiyi “XXI əsr –Türk dünyası əsri olacaq” proqnozu bu gün həyatımızın müxtəlif sahələrində, o cümlədən mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərdə özünü doğrultmaqdadır. Türk dünyası Avroasiya xalqlarının potensalını bir araya gətirib inkişafının yeni sivilizasion mərhələsini yaşayır. XXI əsrdə müasir incəsənət və ədəbiyyatda əksini tapan qlobal ideyalar dialoqunda Türk dünyasının çəkisi artmaqdadır.
Müasir türk mədəniyyəti müxtəlifliyində vahid hadisədir. Hazırda Türk dünyası qlobal proseslərin həm müsbət, həm də ziddiyyətli təsirlərindən kənarda qalmır. Mədəni qloballaşmanın yalnız bir müsbət cəhəti var: müxtəlif xalqların, millətlərin və konfessiyaların təmas arealını genişləndirir. Qeyd edək ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanan Türkdilli dövlətlərin yaradıcılıq enerjisi və ya passionarlığı iki qat artdı. Mədəniyyətlərarası dialoq, sülh mədəniyyəti, tolerant birgəyaşam ideyaları yalnız Türk dünyası intellektuallarının siyasi-fəlsəfi baxışlarını deyil, bədii təfəkkür sahiblərinin düşüncə dairəsini əhatə etdi.
Qırğızıstanda ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olundu
“Ailəmiz – Türk dünyası”nda son günlər əlamətdar tarixi iz buraxdı. Belə ki, 2025-ci ilin 20-25 aprel tarixlərində qədim Türk yurdu Qırğızıstanda ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Son bir neçə gün elm-təhsil, mədəniyyət, incəsənət xadimlərimizin Qırğızıstanda mədəniyyət diplomatiyası missiyası diqqət mərkəzindən yayınmadı. Mədəniyyət günlərinin təşkil olunması bir daha iki xalq arasında dostluq və kök bağlılığını nümayiş etdirdi. Təşkil olunan tədbirlər çərçivəsində mədəniyyətin müxtəlif sahələrində əldə olunan nailiyyətlərimiz nümayiş olundu.
Qloballaşmanın yeni çağırışları ölkələrarası mədəni əlaqələrinin inkişafının əhəmiyyətini artırır. Mədəni əlaqələr münasibətlər sistemində ən plastik olduğuna görə mədəni diplomatiya mexanizmində ən səmərəli vasitə hesab olunur. Mədəniyyətlərarası mübadilə dövlətlərarası münasibətlərin zəngin palitrasının inkişafına zəmin yaradır. Mədəni mübadilənin əsas məqsədi dövlətlər, xalqlar arasında dayanaqlı və uzunmüddətli əlaqələrin qurulması və dəstəklənməsidir. XXI əsrdə mədəniyyətlərarası dialoq artıq həyat tərzinə çevrilib.
Ümumiyyətlə, mədəniyyət günlərinin hər hansı bir ölkədə keçirilməsi bir tərəfli mədəni mübadilə hadisəsi deyildir. Qırğızıstanda Azərbaycana yönələn diqqətin səviyyəsi qədər Azərbaycandan KİV vasitəsilə izləyən insanlarda da bu ölkəyə marağı artdı.
Biz Qırğızıstanı necə tanıyırıq? Böyük humanist və passifist Çingiz Aytmatovun təbiricə desək ulu Türk ocağı Qırğızıstan deyilən “bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir...”. Qırğızıstan dünya arenasında bir neçə milli brendi: İssık-Kul Forumu, Çingiz Aytmatov şəxsiyyəti, “Manas” eposu, “Böyük İpək yolu” ilə tanınır. Hazırda Qırğızıstan bəşəriyyəti qlobal miqyasda intellektual dialoqa təşviq edən Türk dünyası ölkələrindən biridir.
Çingiz Aytmatov irsi Qırğızıstanı planetar düşüncə və sülh mədəniyyəti ilə bütün dünyaya tanıtmışdır. 1986-ci ildə məhz Çingiz Aytmatovun təşəbbüsü ilə bu günə kimi Şərqin və Qərbin intellkektuallarını, tanınmış siyasətçiləri, yazıçıları, aktyorları, rəssamları, alim və ictimai xadimlərin görüş yeri olan İssık-Kul Forumu təşkil olunmuşdur. Forum sivilizasiyalararası dialoqa xidmət edən, müxtəlif mədəni və sivilizasion identikliyə mənsub intellektualların ideya və baxışlarının mübadilə platformasıdır. Təsadüfi deyildir ki, bəşəriyyət və planet arasında əlaqələrinin yenidən dərk olunmasını ehtiva edən “planetar təfəkkür” anlayışı ilk dəfə məhz İssık-Kul Forumunda səsləndirilmişdir. Hazırda qloballaşma prosesləri insanların həyat sferalarına, o cümlədən mədəniyyət, incəsənət və bədii təfəkkür sahələrinə təsirsiz ötüşmür.
Çingiz Aytmatov yaradıcılığı bəşəriyyətə ünvanlanan çağırışdır desək yanılmarıq. Görkəmli yazıçı əsərlərində insanları tarixi hadislərin fəal iştirakçısı olmağa dəvət edirdi. Ç.Aytmatov hesab edirdi ki, hər xalq, hər millət ümumbəşəri dəyərlərin formalamasında fəallığını göstərməlidir. Yalnız həmin təqdirdə planetdə harmonik və tolerant birgəyaşama nail olmaq olar. Sürətlə inkişaf edən informasiya-texnologiyaları əsrində Şərq-Qərb sivilizasiyalararası dialoqun təcəssümü olan Ç.Aytmatovun bədii-fəlsəfi irsi bəşəriyyətin ali humanizm dəyəri kimi insanların bir-birləri qarşısında məsuliyyəti elan edir. Mədəniyyəti ikinci sivilizasiya hesab edən yazıçı mədəni müxtəlifliyin qorunmasının təşviqini mühüm məsələ səviyyəsinə qaldırır. Onun fikrincə, mədəni müxtəliflik mədəniyyətlərin mübadiləsini, habelə fərqli dünyagörüşlərə, həyat tərzlərinə və müxtəlif sivilizasiyalara mənsub insanların həyat amallarına hörmətlə yanaşmanı təşviq edir. Ç.Aytmatovun xüsusilə vurğulayırdı ki, öz millətini və milli mədəniyyətini sevən insan mütləq şəkildə digər mədəniyyətlərdə də ehtirama layiq dəyərlərin olmasını dərk etməlidir.
Hazırda Qırğızıstanın bədii mədəniyyətinin sənət-paradiqmaları mədəniyyətlərarası və sivilizasiyalararsı dialoqu təcəssüm etdirir. Müxtəlif musiqi janrlarından ibarət müasir qırğız musiqi sənəti mədəniyyətlərarası dialoqun nümunəsidir. Populyar qırğız musiqində folklor motivləri, klassik musiqi, estrada musiqisi və Asiya pop-musiqi elementləri harmonik şəkildə əks olunur. Bu baxımdan beynəlxalq layihələrin iştirakçısı gənc bəstəkar Balasaqın Musayevin əsərləri qırğız musiqisinin avropa klassik musiqi ənənələrilə sintezi olaraq müasir reallığın dərk edilməsinə xidmət edən bədii-emosional təsir vasitəsi kimi diqqəti cəlb edir.
Bu gün Qırğızıstan Azərbaycanı necə tanıyır?!
Ümumiyyətlə, müstəqillik əldə olunandan sonra Azərbaycan-Qırğızıstan mədəni əlaqələri çoxtərəfli əlaqələr sistemində inkişaf etməkdədir. 1995-сi ildə Bişkekdə qırğız xalqının milli eposu “Manas” dastanının minilliyinə həsr olunan tədbirlərdə YUNESKO-nun hətti ilə Azərbaycan nümayəndələrinin iştirakı mədəni birliyin parlaq nümunəsi kimi göstərilə bilər. 28 avqust 1995-ci ildə “Manas” dastanının minilliyinə həsr olunan tədbirlərinin açılış mərasimində Ulu Öndər Heydər Əliyev demişdir: “Qırğız və Azərbaycan xalqlarını çoxəsrlik dostluq bağları birləşdirir. Həmin bağlar başlanğıcını bizim xalqların ümumi köklərindən, tarixindən, adət və ənələrindən, din və dilindən, bir çox digər özəlliklərində qaynaqlanır”.
Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev Ümumtürk dünyasının fenomeni Çingiz Aytmatovun qlobal miqyasda xidmətlərini ümumiləşdirərək onu “həm Qırğızıstanın, həm də Türk dünyasının fəxri” adlandırmışdır.
XXI əsrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli yazıçı Çingiz Aytmatovla dialoqu davam etdirmişdir. Belə ki, 25 fevral 2008-ci il tarixində dövlət başçımız Çingiz Aytmatovu qəbul edərək “Dostluq” ordenilə təltif etmişdir. Ç. Aytmatov dövlət tərəfindən bu ordenlə təltif olunan ilk şəxsdir. Görüşdə Prezident İlham Əliyev bildirmişdir: “... bütün dövrlərdə də belə olub, müstəqillik dövründə də... Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demisiniz”. Məşhur qırğız yazıçısı isə öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “qloballaşan dünyanın müasir lider etalonu” kimi yüksək xarakterizə etmişdir.
Türk yazıçısı Ş.Aytmatovun irsinin qorunması və humanist ideallarını təşviq edən “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin 44 gün sürən Vətən Müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinə ünvanladığı məktubda qırğız xalqının ölkəmizə qayğısını, Dağlıq Qarabağın ağrı-acısını bölüşməyə hazır olduğunu bəyan etmişdir. Mifoloji təfəkkürünün dərin qatlarına arxalanan qırğız eli Azərbaycanı türk xalqlarının totem quşu olan səmada qürurla yeni üfüqlərə doğru yüksələn azadlıqsevər qızıl qartala bənzətmişdir. Müraciət məktubunda diqqəti çəkən dua-kəlməsi: “Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun” – ailəmiz Türk dünyasının əbədi bağlarının sarsılmaz olduğunu nümayiş etdirmişdir.
İki Türk dilli dövlətin əsrlər boyu inkişaf edən Azərbaycan və Qırğızıstanın mədəniyyətlərarası dialoq nümunəsi bir daha bəşəriyyətə mədəniyyətlərin qarşılıqlı hörmət və ali humanizm prinsiplərinə əsaslanan münasibətlərin konstruktiv modelini nümayiş etdirir. Mədəniyyət diplomatiyası çərçivəsində təşkil olunan layihə və tədbirlərdə hər iki ölkə milli bədii mədəniyətləri çərçivəsində humanizm dəyərlərini bəşəriyyətin ali dəyərləri kimi təbliğ edir. Bu gün Azərbaycan və Qırğızıstanın yaradıcı intellektuallarının bədii təfəkkürü Türk dünyası mənəvi dəyərlərinin bəşər mədəniyyəti xəzinəsində tarixi mövqeyinin dərk edilməsinə yönəlmişdir. Qədim İpək Yolunun üzərində dayanan Azərbaycan və Qırğızıstanın qarşılıqlı mədəni əlaqələri Asiya və Avropa sivilizasiyaları arasında əzəmətli körpü rolunu daşıyır. Azərbaycan və qırğız xalqının bədii mədəniyyətində, xüsusilə musiqi, vizual sənətlərdə və ədəbiyyatda ənənəviliklə avanqardın sintezi Şərq-Qərb müstəvisində humanizm ideyaların qlobal dialoqunu əks etdirir.
Yeganə Əliyeva
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
kulturologiya üzrə fəlsəfə doktoru, dosent