Heydər Əliyev prospektində yerləşən New Zeon, Chillkhana məkanda iranlı fotoqraf Hamidrza Goharinin fərdi foto sərgisi keçirilib.
Sərgi zamanı foto sənətinin sevərləri sənətkarın obyektivindən İranın müxtəlif bölgələrinə səyahət edib, onun kadrlarında əks olunan mədəniyyət, təbiət və gündəlik həyat mənzərələri ilə tanış olublar.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Moctəba Dəmirçilu ailəsi ilə birlikdə iştirak edib. Səfir çıxış edərək, iki ölkə arasında mədəni əlaqələrin önəmini vurğulayıb. Sonra, fotoqraf Hamidrza Gohari öz çıxışında sərginin ideyası və fotoların çəkildiyi yerlərdən danışaraq tamaşaçılarla yaradıcılıq prosesinin pərdəarxası məqamlarını bölüşüb.
Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu və İdarə Heyətinin üzvü Aydın Mehdiyev çıxışlarında sərginin foto sənətinə verdiyi töhfəni qeyd edərək, beynəlxalq yaradıcılıq əməkdaşlığının əhəmiyyətindən danışıblar.
Sərgi izləyicilərdə böyük maraq doğurub və Azərbaycanla İran arasında fotoqrafiya sahəsində qarşılıqlı əlaqələrin daha da inkişafına töhfə verib.
Foto: Mahir Əhmədov
XQ






