Türkiyənin Ərzincan Universitetində Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş konfrans

post-img

Türkiyənin tanınmış ali təhsil ocaqlarından olan Ərzincan Binəli Yıldırım Universitetində (EBYÜ) Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Türk Birliyi və Zəfər Tarixi: Qarabağda 44 Gün” adlı elmi-praktik konfrans təşkil olunub. Konfrans Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak etmiş ehtiyatda olan polkovnik, Qarabağ qazisi Eldəniz Namazovun iştirakı ilə baş tutub.

Ərdoğan Büyükkasap  Mədəniyyət Mərkəzində keçirilən konfransda Ərzincan Bələdiyyə sədri Bəkir Aksun, Türkiyə 3-cü Ordu  Qərargah rəisinin müavini general-mayor Mehmet Zəki Erən, EBYÜ rektoru  Akın Levent, Ərzincan valisinin müavini Nurullah Kaya, universitetin prorektorları Ercan Ekinci,  Adəm Başıbüyük, Çağrı Çırak, rəsmi şəxslər, professor-müəllim heyəti, tələbələr və çoxsaylı qonaqlar iştirak ediblər.

Konfransın moderatoru, tanınmış türkoloq  Ali Kafkasyalı tədbiri açaraq iştirakçıları salamlayıb, Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən danışıb. O, çıxışında erməni məsələsinin tarixi kökləri, Qafqazın türk mədəniyyətində və geosiyasətindəki rolu haqqında ətraflı məlumat verib. Professor  XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsinin regionun taleyində dönüş nöqtəsi olduğunu qeyd edib. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, Mustafa Kamal Atatürkün həmin dövrdə qoyduğu  sərhəd keçidi və bunun Zəngəzur dəhlizinin tarixi başlanğıcı olduğunu vurğulayan alim Azərbaycan–Türkiyə qardaşlığının türk dünyasının gələcəyi üçün strateji önəm daşıdığını qeyd edib.

Ardınca çıxış edən Qarabağ qazisi polkovnik Eldəniz Namazov 2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığı və Türkiyə–Azərbaycan hərbi əməkdaşlığının qələbədəki rolundan danışıb. O bildirib ki, Ankaradan Bakıya uzanan birlik hər bir Azərbaycan əsgərinin arxasında böyük bir güc oldu. Biz bu zəfəri iman, inam və vətən sevgisi ilə qazandıq.

Qarabağ qazisi həmçinin 1990-cı illərin əvvəllərində başlayan erməni təcavüzü, ilk şəhidlər və Azərbaycan torpaqlarının işğalı dövründə xalqın yaşadığı çətinliklərdən danışıb. Bu zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mənəvi qələbəsidir – deyə polkovnik bildirib. 

Türkiyənin 3-cü Ordu Qərargah rəisinin müavini general-mayor Mehmet Zəki Erən Azərbaycan–Türkiyə qardaşlığının keçmişdən bu günə qədər davam etdiyini və gələcəkdə də əbədi olacağını ifadə edərək Qarabağ qazisi  Eldəniz Namazova xatirə hədiyyəsi təqdim edib. Qarabağ qazisi isə generala Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin loqosu olan plaket təqdim edib və Türk Ordusuna minnətdarlığını bildirib.

Ərzincan Bələdiyyə başçısı Bəkir Aksun çıxışında Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı qələbənin bütün Türk dünyası üçün qürur mənbəyi olduğunu vurğulayıb.  EBYÜ rektoru  Akın Levent  mərasimin yüksək elmi və mənəvi dəyərə malik olduğunu bildirib və  Azərbaycan xalqına bundan sonrakı azad və firavan gələcək yolunda uğurlar arzulayıb.

Hədiyyələrin təqdimatından sonra tədbir alqışlarla başa çatıb.

XQ















Təhsil