AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədin müsahibəsi bir sıra xarici ölkələrin nüfuzlu media orqanlarında dərc olunub.
İnstitutdan verilən məlumata görə, müsahibə “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi, tanınmış jurnalist Cahangir Namazov tərəfindən alınıb. Müsahibə ilk olaraq Özbəkistan mediasında işıqlandırılıb, daha sonra isə ingilis dilinə tərcümə edilərək İtaliya, Belçika, Pakistan və Keniya kimi ölkələrin aparıcı informasiya resurslarında dərc olunub.
Beynəlxalq auditoriyaya təqdim edilən bu materialda professor Vüqar Əhmədin həm bədii yaradıcılığı, həm də elmi fəaliyyəti geniş şəkildə əksini tapıb. Müsahibədə o, Azərbaycan ədəbiyyatının müasir inkişaf istiqamətlərindən, klassik irsin qorunması və təbliği məsələlərindən, həmçinin mətbuat tarixinin araşdırılması sahəsində apardığı tədqiqatlardan bəhs edib.
Alim, eyni zamanda, Azərbaycan publisistikasının formalaşmasında görkəmli ziyalıların rolunu vurğulayaraq, milli mətbuatın türk-islam dünyasının mədəni inteqrasiyasında oynadığı mühüm funksiyadan da danışıb. O, mətbuatın sadəcə informasiya vasitəsi deyil, həm də milli yaddaşın, mənəvi dəyərlərin qoruyucusu olduğunu qeyd edib.
Müsahibə xarici mediada Azərbaycan elminin, ədəbiyyatının və mətbuat tarixinin beynəlxalq miqyasda tanıdılmasına dəyərli töhfədir. Bu nəşr həm professor Vüqar Əhmədin elmi yaradıcılığının, həm də Azərbaycan ədəbiyyat elminin qlobal müstəvidə tanınmasının növbəti nümunəsidir.
XQ


