“İmmunlaşdırma həftəsi” başlayır

post-img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, cari il aprelin 19–25-də respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Bu barədə XQ-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əmrə əsasən, respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

“İmmunlaşdırma həftəsi” zamanı bir sıra rayonlarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanmışdır.

Qeyd edək ki, ÜST-nin təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan;n Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.

Səhiyyə