Naxçıvan Dövlət Universitetində “Kriminalistika” adlı dərsliyin təqdimatı keçirilib

post-img

Oktyabrın 24-də Naxçıvan Dövlət Universitetində “Xüsusi hüquq” kafedrasının müəllimi, Naxçıvan MR Ali Məhkəməsinin hakimi İlqar Mirzəyevin müəllifi olduğu “Kriminalistika” dərsliyinin təqdimatı keçirilib. Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Xalq” qəzetinə verilən məlumata görə, tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək hüquqşünaslıq sahəsinə marağın böyük olduğunu qeyd edib, son illərdə ali təhsil ocağına hüquqşünaslıq ixtisası üzrə qəbul nəticələrində yüksək göstəricilərin qeydə alındığını bildirib. 

Rektor vurğulayıb ki, rəqabət yüksəkdir, buna görə də bu gün auditoriyada təhsil alan gələcəyin hüquqşünasları olacaq tələbələrin hərtərəfli hazırlığı diqqətdədir. Onların istehsalat təcrübəsinə şərait yaratmaq üçün müxtəlif hüquq-mühafizə orqanları ilə əməkdaşlıq memorandumu imzalanıb və yaxın gələcəkdə bu ixtisas üzrə ingilis dilli qrupunun da açılması nəzərdə tutulur.

Tədbirdə iştirak edən Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi universitetin hüquq sahəsində savadlı və peşəkar kadrlar yetişdirdiyini vurğulayıb. O, kriminalistikanın hüquqi qiymətləndirmədə mühüm elmi baza rolunu oynadığını qeyd edib və təqdimatı keçirilən  kitabı etibarlı mənbə adlandırıb. 

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev çıxışında kriminalistikanın zamanla inkişaf edən və cəmiyyətin hüquqi-mədəni dəyişikliklərinə uyğunlaşan bir elm sahəsi olduğunu diqqətə çatdırıb və bu yöndə yeni nəşrlərin hazırlanmasını gərəkli və təqdirəlayiq təşəbbüs olaraq dəyərləndirib. 

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru, dosent Yusif Hüseynov, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, “Xüsusi hüquq” kafedrasının müəllimi Emin Əliyev, “Ümumi hüquq” kafedrasının müəllimi Tofiq Hüseynov və Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə dərsliklə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, kitab 4 fəsil, 35 paraqrafdan ibarətdir və kriminalistika elminin əsas bölmələrini – ümumi müddəalar, texnika, taktika və metodikanı əhatə edir. 

Tədbirin sonunda müəllif İlqar Mirzəyev iştirakçılara təşəkkürünü bildirib. 

Qeyd edək ki, ali təhsil ocağında 2021 – ci ildə açılışı olan “Məhkəmə ekspertizası və kriminalistika” laboratoriyasına da baxış keçirilib. “Xüsusi hüquq” kafedrasının müəllimi Emin Əliyev “Məhkəmə ekspertizası və Kriminalistika laboratoriyası”da mövcud olan metodik vəsait, müasir kriminalistik texniki avadanlıqlar və digər zəruri maddi texniki baza haqqında ətraflı məlumat verib. Bildirilib ki, tələbələrin praktik olaraq bilik, bacarıq və vərdişlərinin formalaşmasında laboratoriyanın imkanlarından yararlanılır. Stero-mikroskopla davranmağın və işləməyin metodları öyrədilir, mikroskopla aparılan tədqiqatların paylayıcı kompüterlə digər kompüterlərə ötürülməklə tələbələrin də virtual olaraq aparılan tədqiqatları izləməsinə imkan yaradılır. Eləcə də, tələbələrə izlərlə işləməyin metodları, texniki və məhkəmə alətlərindən düzgün istifadə, təqdim olunmuş sənədlərlə davranma vərdişləri, habelə istintaq hərəkətlərinin həyata keçirilməsində bilik və bacarıqların inkişaf etdirilməsi yönündə praktik biliklər öyrədilir.

Səbuhi Həsənov
XQ









Təhsil