Azərbaycanda milli SCADA sisteminin tətbiqi genişlənir

post-img

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Təcrübi İstehsalatlı “Kibernetika” Xüsusi Konstruktor Bürosu Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilmiş “Bərdə rayonu ərazisində subartezian quyuları üçün nəzarət və idarəetmə sisteminin işlənilməsi və qurulması” üzrə tenderin qalibi elan olunub.

XQ xəbər verir ki, tətbiq olunan sistem İdarəetmə Sistemləri İnstitutu və Xüsusi Konstruktor Bürosunda işlənib-hazırlanmış və beynəlxalq standartlara cavab verən SCADA (Supervisory Control And Data Acquisition) prinsipi əsasında qurulmuş intellektual nəzarət və idarəetmə sistemidir. Sistem suyun səviyyəsini, temperaturunu və sərfiyyatını real vaxt rejimində ölçür, alınan məlumatları emal edərək mühərriklərin optimal rejimdə işləməsini təmin edir və bu məlumatları mərkəzi dispetçer sisteminə ötürür.

Tətbiq olunan sistem enerjiyə qənaətcil, etibarlı və tam avtomatlaşdırılmış SCADA əsaslı intellektual idarəetmə platforması kimi su təsərrüfatı infrastrukturunda texnoloji yenilikdir. Onun tətbiqi nəticəsində subartezian quyularının fasiləsiz və sabit rejimdə işləməsi təmin edilir, nasos aqreqatlarının texniki xidməti sadələşir, su ehtiyatlarından istifadənin səmərəliliyi və dayanıqlığı artırılır.

SCADA tipli coğrafi paylanmış idarəetmə sistemləri dünyanın aparıcı şirkətləri tərəfindən işlənilib və kritik infrastrukturların nəzarət və idarəetməsində tətbiq olunur.

İdarəetmə Sistemləri İnstitutunda və Xüsusi Konstruktor Bürosunda SCADA arxitekturasına əsaslanan intellektual sistemin elmi-tədqiqat və proqram-texniki vasitələri işlənilib və praktikada tətbiq olunmağa başlanılıb. İlk olaraq bu sistem artıq bir neçə il əvvəl neft sənayesində SOCAR-ın Bibiheybət mədənində təsərrüfat müqaviləsi əsasında tətbiq olunub. Qeyd olunan tender isə yeni, milli SCADA sisteminin ölkənin su təsərrüfatında tətbiqinə başlanğıcdır.

Təhsil