AMEA Naxçıvan Bölməsində MetaWay şirkəti tərəfindən nəşr olunan beynəlxalq səviyyəli elmi jurnalların təsisçiləri ilə görüş keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə jurnalların təsisçiləri Mehriban Məlikova və “Linguiverse” jurnalının baş redaktoru Nərminə Əliyeva iştirak ediblər. Onlar görüş zamanı beynəlxalq elmi jurnallarda məqalələrin yerləşdirilməsi qaydaları, jurnalların göstəriciləri və beynəlxalq indekslənmə prosesi barədə ətraflı məlumat veriblər.
AMEA Naxçıvan Bölməsi Aparatının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək müxtəlif istiqamətli beynəlxalq jurnalların yaradılmasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu jurnallar ölkəmizin elmi potensialının və tədqiqatlarının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda jurnallar Google Scholar və ResearchGate kimi beynəlxalq elmi bazalarda fəaliyyət göstərir və yaxın gələcəkdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının təsdiq etdiyi jurnallar siyahısına, eləcə də Web of Science və Scopus bazalarına daxil olunması planlaşdırılır.
Mehriban Məlikova görüş zamanı bir sıra elmi nəşrlər barədə geniş məlumat verib. O, “Shusha Peace Message”, “Artificial Intelligence and Technical Sciences”, “AI for a Better Future: Shusha Conference 2025 (Conference Materials Book 3)”, “Shusha Scientific Journal (SSJ)” və “Linguiverse” kimi jurnalların məqsəd və fəaliyyət istiqamətlərini təqdim edib.
Mehriban xanım “Shusha Peace Message” adlı jurnal barədə məlumat verərək bildirib ki, bu nəşr Şuşanın azad olunmasının beşinci ildönümünə həsr edilib. Jurnal bir şəhərin münaqişədən sülhə doğru keçdiyi yolun dünyaya necə ilham mənbəyi ola biləcəyini araşdırır. O, qeyd edib ki, jurnal 180-dən çox ölkədə yayımlanır və hər fəslində Şuşanın zəngin mədəni irsini – poetik ənənələrini, musiqi parlaqlığını və yenilənmə hekayələrini oxuculara təqdim edir. Mehriban Məlikova bildirib ki, jurnal ildə iki dəfə – yanvar və iyun aylarında dərc olunur və hazırda iki elmi bazada indekslənir.
“Linguiverse” jurnalı haqqında məlumat verən Mehriban Məlikova qeyd edib ki, jurnal mart, iyun, sentyabr və dekabr aylarında olmaqla ildə dörd dəfə dərc olunur. “Linguiverse” dilçiliyin müxtəlif istiqamətlərinə – fonetika, sintaksis, sosiolinqvistika, tərcümə tədqiqatları və süni intellektlə idarə olunan dil texnologiyalarına həsr olunub. Jurnal bu sahədə innovativ ideyaların və fənlərarası dialoqun inkişafına xidmət edir. Bundan əlavə, Mehriban Məlikova “AI for a Better Future: Shusha Conference 2025 (Conference Materials Book 3)” nəşri haqqında danışıb. O, qeyd edib ki, bu jurnal 16 iyun 2025-ci ildə Şuşada keçirilən “Yaxşı Gələcək üçün Süni İntellekt” mövzusunda Qlobal Tədqiqat Konfransının rəsmi materiallarını əhatə edir. Konfrans Şuşa Beynəlxalq Ziyalılar İnstitutu (SIII) tərəfindən təşkil olunub və dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və mütəxəssisləri süni intellektin davamlı, etik və inklüziv gələcəyə töhfələrini müzakirə etmək üçün bir araya gətirib.
Mehriban xanım əlavə edib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu cilddə təhsil, idarəetmə, ətraf mühit, sosial elmlər və texnologiya sahələrində süni intellektin tətbiqlərinə dair fənlərarası tədqiqatlar və innovativ yanaşmalar yer alır.
Sonda Mehriban Məlikova pedaqogika sahəsi üzrə “EduAzer” və müxtəlif fənlər üzrə alimlərin, müəllimlərin və siyasətçilərin qabaqcıl tədqiqatlarını təqdim edən “Azerbaijan Journal of Higher Education” jurnalları haqqında da məlumat verib.
Səbuhi Həsənov
XQ


