May “Ulduz”u

post-img

AYB-nin ədəbi-bədii jurnalı olan “Ulduz”un may sayı artıq işıq üzü görüb.

Jurnal Seyid Aynurun “Özüylə söhbəti və şeirləri” ilə açılır. “Nəsr” rubrikasında Xan Abdullanın “Dumru”, Tural Cəfərlinin “Eyforiya”, Zəka Vilayətoğlunun “Eeey, səs salma”, Əlisəfdər Hüseynovun “Meloman”, Mübariz Cəfərlinin “Amədə” və “Bal” hekayələrini təqdim edilir. “Şeir vaxtı”nda Elşən Əzim, Sevinc Yunuslu, Tural Turan, Ceyhun Ötkəm, Xuraman Hüseyn, Rəsmiyyə Sabir oxucuların görüşünə gəlib.

Jurnalın baş redaktoru, şair Qulu Ağsəs bu dəfə Xalq artisti Arif Babayevlə “Ayrı söhbət” eləyir. Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi İsa Zakriyevin qısa hekayələri Seyfəddin Hüseynlinin tərcüməsində təqdim olunur. “Anım”da Nizami Tağısoy “Vətən ağrılarının ağırlığı”ndan yazır. “Tribuna” Aysel Xanlarqızının “Vasif Süleyman yaradıclığı haqqında”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər” yazısını yer ayırıb. “Debüt”də isə “İndinin simfoniyası” ilə Məryəm Bağırovadır. İltimas Səmiminin, İlkin Əhmədoğlunun şeirləri də “Ulduz”un may sayında yer alır.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin “Qeysdən Məcnuna: təsəvvüfün mistik zaman modeli kontekstində subyektin sufi transformasiyası”nı (3-cü məqalə) təqdim edir. “Dərgidə sərgidə” rəsm əsərləri ilə Xatirə Həsənzadədir.

XQ

Mədəniyyət