Borçalının şair oğlu

post-img

Abbas Abdulla – 85

Ötən il Bakıdakı Kəpənəkçi qəbristanlığında olanda xəyalən Abbas Abdulla ilə danışırdım. Məzarı önündə düşüncələrə dalmışdım. Onunla keçən günlərimizi, unudulmaz görüşlərimizi, duzlu- məzəli söhbətlərimizi yada salıb kövrəlmişdim. Hər dəfə Abbas Abdullanı xatırladıqca, ömür kitabını vərəqlədikcə həsrətli duyğulara köklənirəm. Özü həyatda yoxdur, amma yoxluğu ilə yanaşı, varlığını da hiss edirəm...

Bu gün Abbas Abdullanın illərin, əsrlərin arxasından boylanan ruhu şaddır. Çünki unudulmayıb - səsi, nəfəsi şeirlərində, özü dostlarının, qohumlarının, Borçalı əsilli ziyalıların xatirələrində yaşayır.

Hələ öz şeirlərini demirəm, qələm dostlarının sağlığında və dünyasını dəyişəndən sonra ona ithaf etdiyi çoxsaylı şeirlərdən də bir unudulmaz şair Abbas Abdulla boylanır. Bu şeirlər də onun böyük hərflərlə yazılan İNSAN ömrünə və şair taleyinə işıq salan, bir – birindən gözəl poeziya nümunələridir. Bir işıqlı insan və gözəl şair ömrünün mənasını diymaq üçün bu şeirləri oxumaq da yetərlidir. Sevimli şairimiz Hüseyn Arifin yazdığı kimi:

Bəlkə, zaman- zaman gül açdı dilək,
Bəlkə, yarı yolda dayandı ürək,
Bəlkə, unudulduq...Bəlkə... Nə bilək,
Nə çoxdur həyatın bəlkəsi, Abbas!

Sevincin də duru, qəmin də duru,
Bu eşqi əzizlə, bu eşqi qoru!
Dağlar kəlamında dağlar qüruru,
Hər şeyin ucası, zirvəsi, Abbas.

Mən Abbas Abdullanı yaxından tanıyırdım. Haqqında çox uca sözlər yazmaq olar... Bir zamanlar onunla oturub – duracaq yaşda və səviyyədə olmasam da, sonralar aramızda dost münasibəti və sıx ünsiyyət yarandı. O, lirik təbiətli insan idi. İnsanları, Vətənini, doğulduğu ata yurdunu, ana təbiəti çox sevirdi. Ona görə də ürəkdən gələn şeirləri ürəklərə yol tapırdı. Onun lirik şeirlərindəki dağlar, bulaqlar, ağaclar da sanki insanlarla dil tapıb danışır:

Bu il yenə gedəmmədim
Bizim dağlara - dağlara.
Gorən gedib çatacaqmı
Sözüm dağlara - dağlara.

Atım yoxdu yəhərlənə,
Dəli könlüm qəhərlənə,
Yolum düşüb şəhərlərə,
İzim dağlara – dağlara.

Bu dağların Abbasıyam,
Kəpənəkçi balasıyam.
Qəbirdə də yatasıyam
Üzüm dağlara - dağlara.

Abbas Abdulla bir ömür boyunca qələmlə həmdərd oldu. Şair ruhu ona hamıdan və hər şeydən yaxın olduğu kimi, həm də özünə böyük şöhrət qazandırdı. Şair adını və şeirlərini yaddaşlara yazdırdı .

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında Kəpənəkçi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində bunun bir daha şahidi olduq. Görkəmli şair-tərcüməçi, ədəbiyyatşünas, redaktor, “Əməkdar mədəniyyət işçisi”, Ukraynanın Maksim Rılski adına ədəbi mükafatının laureatı, ictimai xadim, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu – diplomat Abbas Abdullanın 85 illik yubileyi geniş şəkildə qeyd olundu. Şeir-sənət sevərlər Abbas Abdullanın həmişəyaşar poeziyasının – yaddaşlarda yaşayan şeirlərinin və unudulmaz xatirəsinin işığına yığışmışdılar.

Yubiley mərasimində çıxış edənlər – görkəmli dövlət xadimi Həsən Həsənov, Millli Məclisin deputatları Aqil Abbas, Fazil Qəzənfəroğlu, sabiq Baş Nazirin müavini, professor İzzət Rüstəmov, Əməkdar İncəsənət xadimi İsmayıl Ömərov, Türkiyədən və Ukraynadan yubiley tədbirinə gəlmiş qonaqlar – Türk ədəbiyyatı dərgisinin baş redaktoru İmdat Avşar, Ukraynadakı Bakı Mərkəzinin rəhbəri Kristina Şkula və başqaları Abbas Abdullanın mənalı ömür yolundan, ədəbi-bədii, tərcüməçilik və diplomatik fəaliyyətindən söz açdılar. Şair haqqında acılı, şirinli xatirələri dilə gətirdilər.

Məclis iştirakçıları sazın- sözün avazında, aşıqların, musiqiçilərin ifasında Abbas Abdullanın şeirlərini dinlədilər. Bu şeirlərdəki milli ruh, xalq dilinin şəhd – şirəsi, yurd sevgisindən və Vətən eşqindən süzülüb gələn kövrək lirika saz üstündə dinləyicilərə daha zəngin duyğular aşıladı. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifa etdikləri mahnılar da yubiley tədbirinə rəng qatdı, dinləyicilər tərəfindən hərarətlə qarşılandı.

Sonda şairin övladları məclisin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.

Həzi HƏSƏNLİ,
şair- publisist



Mədəniyyət