Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində yaradılmış “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətinin 3-cü ilinə qədəm qoydu.
2023-cü il avqustun ilk günlərindən ilkin olaraq həftədə 4 dəfə 2 saat yayımlanmış bu internet kanalı ötən dövrdə Qərbi Azərbaycan həqiqətlərini görüntüləndirməklə yanaşı, QAİ-nin də fəaliyyətini ardıcıl olaraq işıqlandırıb. 2024-cü ilin mayında yeni binaya köçdükdən sonra TV rus və ingilis dillərində buraxılış və verilişlər də yayımlamağa başlayıb.
Qısa müddətdə formalaşdırılmış peşəkar komandanın təqdim etdiyi “Müzakirə vaxtı” proqramı, informasiya süjetləri, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlər, soydaşlarımızın Vətən ağrı-acısını əks etdirən materiallar, son 2 əsrdə Qərbi Azərbaycanda soydaşlarımızın, tarixi-mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi vandallıq aksiyaları, eləcə də qayıdış məqsəd və məramı ilə bağlı maarifləndirici söhbətlər telekanala geniş və mötəbər auditoriya qazandırıb.
Telekanalda ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə”, o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri maddi–mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan ləzzətləri” kimi verilişlər hərəkatın genişlənməsində və güclənməsində önəmli rol oynayır.
QAİ İdarə Heyəti sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli XQ-yə açıqlamasında söylədi:
– Qərbi Azərbaycan Televiziyası mərhələlərlə öz el-obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla, bütün işini bu istiqamətə kökləyib. Kanal Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır. Bu televiziya doğma yurdlarından didərgin salınmış bir elin səsini dünyaya yayan, susdurulmuş bir tarixə işıq tutan, yaddaşı oyadan bir ocaqdır.
Uzun illər Azərbaycan televiziyasında müxtəlif vəzifələrdə çalışmış tanınmış telejurnalist, Teleradio Akademiyasının rektoru Telli Pənahqızının Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin edilməsi kanalın fəaliyyətinə yüksək peşəkarlıq, verilişlərinə populyarlq gətirib. Telli xanım yüksək və zəngin televiziya məktəbi keçmiş, onlarla layihəyə rəhbərlik etmiş, gənc jurnalistlərin yetişməsində mühüm rol oynamış, bir çox yaradıcı qrupun formalaşmasında əməyi olan ustad jurnalistdir. Bu gün o, on illərdən bəri həsrət qaldığı doğma torpağın adını daşıyan bir televiziyanın yönləndiricisidir.
Telli Pənahqızı rəhbərlik etdiyi TV kanalının 2 yaşının tamam olması münasibətilə qəzetimizin oxucularına üz tutaraq bildirdi:
– Bu gün Qərbi Azərbaycan Televiziyasının 2 yaşı tamam olur! Bu televiziya bizim indi qəriblikdə qalan əzəli və əbədi torpaqlara qayıdış arzularımıza dinc yolla nail olmaq naminə bütün istəklərimizi bölüşmək, yada- yağıya qalan yurd yerlərimizə dönmək arzusunda olan hər bir Vətən sevdalısı dostumuzun və onların övladlarını məlumatlandırmaq uçun bir informasiya, xəbər qaynağıdır.
Qərbi Azərbaycan TV yeni bir mübarizənin televiziyasıdır. Tamaşaçılarımız, xüsusən, Qərbi Azərbaycan İcmasının üzvləri bizimlə olsa, yanımızda olsa, Vətənə dönəcək köç karvanımızın yolu daha rahat, daha işıqlı olacaq! Əziz həmvətənlərimizi, dostlarımızı, Vətən sevdalı insanlarımızı bu yolda bərabər addımlamağa çağırırıq. Tamaşaçılarımız bizi YouTube kanalında axtarsınlar, arzu, istək və təkliflərini bildirsinlər. Hədəfimiz – Qərbi Azərbaycandır, məlumat qaynağımız QA TV-dir.
Qafqaz TV rəhbəri Eltən Qədimbəyli isə həmkarlarına təbriklərini belə ifadə etdi:
– Qafqaz TV yaradıcı heyəti Qərbi Azərbaycan Televiziyasının keçdiyi 2 illik yolu böyük rəğbətlə izləyir. Bildiririk ki, bu yolda hər zaman birgə çalışmağa, ortaq layihələr icra etməyə, duyğu və düşüncə birliyi ilə irəliləməyə hazırıq. Əminik ki, bu televiziya yaxın zamanda peyk yayımı ilə yalnız ölkəmizdə deyil, bütün dünyada izlənəcək.
Qərbi Azərbaycanın, eləcə də digər sürgünə məruz qalmış Türk toplumlarının dərdi, haqqı və harayı xarici dillərdə dünya ictimaiyyətinə çatdırılacaq.
Unutmayaq: bu çağda media, sadəcə, xəbər yayımı deyil – bir ulusun varlıq savaşıdır. Bu savaşı aparmaq üçün artıq güclü, təcrübəli və inamlı bir rəhbərlik var. Qərbi Azərbaycanın səsi – artıq bizim hamımızın doğma səsidir və ucalması üçün hər birimiz dəstək göstərməliyik. Qoy Qərbi Azərbaycanın səsi dünyaya yayılsın və tarixi ədalətsizliklə illərdir ki, yurd-yuvalarından uzaq düşmüş milyonlarla soydaşımızın öz ata, baba torpaqlarına dinc qayıtmaq diləkləri də yerinə yetsin.
Telli xanım başda olmaqla həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərini tezliklə Qərbi Azərbaycan torpaqlarında davam etdirməyi arzu edirik.
Hazırladı:
Tahir AYDINOĞLU
XQ