Ümid-Babək əməliyyat şirkətinin yaydığı məlumata görə, qurum bu ilin sentyabrında Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunun “Ümid” yatağında layihə dərinliyi, təxminən, 7 min metr olan qiymətləndirmə quyusunun qazılmasına başlamağı planlaşdırır. Qazma işlərinin 2025-ci ilin iyununda Azərbaycana gətirilən “Neptun” üzən qazma qurğusu vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulur.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, “Ümid” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata isə 2027-ci ilə qədər başlanılması gözlənilir. Bu il aprelin 1-nə olan rəsmi məlumatda isə “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində, ümumilikdə, 11,2 milyard kubmetr qaz və 1,65 milyon ton qaz kondensatı hasil edildiyi bildirilir. Azərbaycan Dövlət Neft Şirkətinin ilkin qiymətləndirməsinə görə, “Ümid” yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir.
Xatırladaq ki, 2010-cu il noyabrın 24-də kəşf edilən “Ümid” respublikamızın müstəqillik dövründə Dövlət Neft Şirkətinin tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı olaraq qeydə alınıb. 2012-ci ildən istismara başlanılıb. Perspektivli struktur kimi isə 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyənləşdirilib. Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 kilometr cənubda yerləşən “Ümid” yatağının sahəsi 45 kvadratkilometr, strukturun ərazisində dənizin dərinliyi isə 40-60 metrdir.