“Fəzlullah Nəimi və hürufilik hərəkatı”
AMEA Şərqşünaslıq İnstitutunda çıxan yeni monoqrafiyada XIII-XIV əsrlərdə Azərbaycanda siyasi-ictimai vəziyyət və hürufilik hərəkatının meydana çıxmasını şərtləndirən amillər geniş tədqiq olunub.
İnstitutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli, həmin şöbənin elmi işçiləri Elxan Quliyev və Röya Mirzəbəyovanın müəllifliyi ilə yazılıb ərsəyə gələn kitabda hürufilik təmayülünün banisi – görkəmli mütəfəkkir Fəzlullah Nəiminin həyat və yaradıcılığı, ədəbi irsi farsdilli mənbələr əsasında araşdırılıb. Eyni zamanda, hürufiliyə dair ilk yazılı qaynaqlar nəzərdən keçirilib və monoqrafiyada o dövrdə Azərbaycanın tanınmış arifləri haqqında məlumatlar öz əksini tapıb.
İki fəsil, nəticə və ədəbiyyat hissəsindən ibarət olan kitab Azərbaycan və ingilis dillərindədir.
“Tanımadığımız Konfutsi”
Bu kitab təxminən, 2500 il əvvəl qədim Çində yaşamış, bəşər tarixinin ən görkəmli müəllimlərindən və filosoflarından biri sayılan Konfutsi və onun təlimi haqqındadır. Əsər Konfutsinin məşhur “Lun Yü” (“Söhbətlər və mühakimələr”) kitabı əsasında hazırlanaraq, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2-ci dəfə nəşr olunub.
Konfutsilik Çin mədəniyyətinə dərin təsir göstərib və bu gün də onun ayrılmaz hissəsi olaraq qalır. Konfutsi fəlsəfəsi Qədim Çin mədəniyyətinin əsas düsturudur. Bu fəlsəfədə əsas məsələ etika və əxlaqdır. İnsaniyyət və nəciblik ön planda tutulur.
Kitabın müəllifi, filosof Müşfiq Ötgünün bildirdiyinə görə, əsər ilk dəfə 2016-cı ildə işıq üzü görüb. “Kitabın adı və məzmunu klassik fəlsəfə dərsliklərində Konfutsiyə ayrılan hissələrdən tam fərqlidir. Konfutsi bəşəriyyətin böyük müəllimlərindən biridir və onun hikmətindən bütün dünya agah olmalıdır”.
Ə.DOSTƏLİ
XQ