Məktəblilərimizin beynəlxalq olimpiada uğuru

post-img

Boliviyanın paytaxtı Sukre şəhərində keçirilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Bakı şəhəri, 157 nömrəli məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Elvin İmanlı bürünc medal qazanıblar. Bakı şəhəri, Ankara liseyinin 11-ci sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak edirlər. 1994–1999-cu illərdə 2 medal, 2000–2009-cu illərdə 2 medal, 2010–2019-cu illərdə 1 medal, 2020–2025-ci illərdə 11 medal qazanılıb.

Cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atıblar. Həmçinin iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.

Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

XQ

Təhsil