(2-ci yazı)
Bədii mətnlərdə zaman və məkan anlayışı
Məkan və zaman anlayışı uzun müddətdir elmi-fəlsəfi münasibətdən kənarda qalmayıb və çağdaş dövrümüzdə, eyni zamanda bəşəriyyətin mövcud olduğu bütün zaman kəsiyində maraq dairəsindən kənarda qalmayacaq. Biz elə indicə zamandan və məkandan danışmağa başladıq – qeyri-ixtiyari. Yazmağa başladığımız an və hazırda zaman və məkandan qıraqda deyilik. Yəni nə etməyimizdən asılı olmayaraq məkan və zamanın içindəyik. Bəzən bunun fərqinə varırıq, bəzən yox.
Fərqinə vardığımız zaman ani də olsa düşünürük – zaman nədir, məkan deyəndə nə başa düşülür. Hər bir kəsin bu suallara müəyyən cavabı var. Lakin elmi-fəlsəfi düşüncə müstəvisində bu kateqoriyalara verilən təriflər yeni mənalara pəncərə açır ki, bu mənalar yaradıcı sahələrə də yeni, fərqli yanaşmalar gətirir. Bədii əsərlərə intellektual biçim verməklə onların dəyərini artırır. Əvvəlki mövzularda elmi faktların, anlayışların, fəlsəfi dünyagörüşünün ədəbiyyatda əhəmiyyətindən söz açmışdıq. Məkan və zaman anlayışlarına baxış da o söhbətin davamıdır. Bu anlayışlar ətrafında yaranan fərqli düşüncə şəbəkəsi bədii əsərlərə necə nüfuz edir – məsələyə konkret nümunələrdə nəzər salacağıq.
Bəs məkan və zaman elmi-fəlsəfi düşüncədə necə görünür?
Məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Və bütün maddi cisimlər en, uzunluq və hündürlüyə malikdir.
Zaman – cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir və birölçülü axına malikdir: keçmişdən gələcəyə doğru.
Nyutona görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir.
Leybnits bu konsepsiyanın əksinə olaraq məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı xüsusi tip münasibətlərdə görür. Bu konsepsiya öz başlanğıcını Aristotelin məkan və zaman təlimindən götürür.
Avqustin hesab edirdi ki, zaman – hərəkət və dəyişmənin ölçüsüdür. Filosofun fikrincə, yalnız indiki zaman mövcuddur və insan yalnız indiki zamanda keçmiş və gələcək barədə düşünə bilər. Keçmiş və gələcək insan şüurunun məhsuludur. Keçmiş – yaddaş, gələcək – ümiddir.
Kanta görə isə zaman və məkan aprioridir. İnsan şüurunun yaratdığı şəbəkədir.
Yuxarıda zamanın bir istiqamətli olduğu göstərildi; keçmişdən gələcəyə düz xətt boyunca. Lakin fəlsəfi fikir tarixində fərqli yanaşma da mövcuddur; zaman – dairəvi və ya dalğavaridir, dövri olaraq başlanğıc vəziyyətinə qayıdır.
Öz-özlüyündə hər bir yanaşma maraqlıdır, bədii materialdır və bu materialdan mövzu olaraq seçilmiş əsərə bədii don biçilməsi mümkündür. Zaman-məkan barədə əldə etdiyimiz bilgilərə rəğmən, maraq üçün bir fərqli yanaşma sərgiləyək: fərz edək ki, zaman gələcəkdən keçmişə doğru hərəkətdədir. Nə baş verər onda?–Gələcək və keçmiş yerini dəyişər, təbii.
Tərsinə zaman
Gəlin,
zamanın tərsinə gərdişinə baxaq. Bəli.
Bəli, məhz tərsinə gərdişinə –
gözlənilmədən doğulan birinin timsalında.
Hamı heyrət içində donub qalmışdı
doğum evində. Ana çevirib üzünü divara
hönkürürdü dəhşət içində; körpəsi
qoca doğulmuşdu – möcüzəyə bax!..
Bir neçə gün sonra
tutub qocasının əlindən evinə döndü ana.
Və sevdi qocasını kiçildə-kiçildə.
Yaşıdı körpələr böyüdükcə, o kiçilirdi. Yaşlanma – böyümək imiş demə.
O isə kiçilirdi... yəni böyüyürdü tərsinə.
Əvvəl ortayaş adama çevrildi, sonra cavana.
Qoluna taxdığı saatın əqrəbləri tərsinə fırlanırdı.
Tərsinə dəyişirdi təqvimdəki günlər də; ayın 30-u,
sonra 29-u, ... ,beləcə, 1-i son günü olurdu yaşadığı ayların...
Sonra yeniyetməyə çevrildi, sonra uşağa.
Bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.
Bir günsə çevrilib körpəyə köçdü dünyadan.
Ana qocalıb ölmüşdü, görmədi körpəsini.
Tərsinə gərdişinə baxdıq zamanın
gözlənilmədən qoca doğulan birinin timsalında.
Amma nəticə eyni; zaman
eyni nöqtədə qapandı, deyəsən.
Deməli, zaman – keçmiş, bu an (indi) və gələcək kimi hissələrə ayrılmış kəsimlər kimi zənn olunur. Keçmiş anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza yaşanmış bəzi hadisələrin verilməsidir. Gələcəklə bağlı hadisələrsə yaddaşımızda yoxdur. Buna görə də biz bu hadisələri yaşanacaq, baş verəcək hadisələr kimi qəbul edirik. Bəzi mülahizələrə görə, keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr olduğu qədər, gələcək də eyni şəkildə yaşanmış hadisələrdən ibarətdir. Sadəcə, bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik.
Məkan və zaman anlayışlarına dair bu kimi fərqli və maraqlı fikirlərin siyahısını uzatmaq mümkündür və bütün bunlar, təbii ki, bədii əsərlər üçün xammal rolu oynayır. Artıq bu anlayışlara elmi-fəlsəfi baxış onları ədəbi sferaya transfer etmənin mümkünlüyünü yaradır.
Bizi əhatə edən nə varsa, zaman və məkandan xəbər verir. Fotolara nəzər salaq. İlk ağıla gələn məsələlərdən biri donmuş məkan və zaman anlayışıdır. Bu, öz yerində. Zaman haqqında biliklərimiz imkan verir ki, ondan bədii aparat kimi istifadə edib, hadisəyə fərqli bədii biçim verə bilək. Fikirlərimizi qismən də olsa əsaslandırmaq üçün, gəlin, “zaman boyu səyahət” edək.
Zaman boyu səyahət
Hər dəfə fotolara baxarkən zaman barədə düşünür: Hadisələrdən yalnız bir parça qalır şəkillərdə. Nə geriyə yol var zaman boyu, nə də irəli məkandan fərqli.
O adam elə indicə keçib getmişdi bu küçədən, odur, qayıdır. Yol kənarında ağacın altında yem axtaran quş görüb onu, qalxdı havaya.
Məkanda
üç ölçü cızıldı bir anda.
Zamansa...
nə geriyə getmək olur,
nə də irəli, - məkandan fərqli. Amma
məkanlar da var;
nə getmək olur, nə də qayıtmaq –
yolları bağlı.
Birdən
böyüyür qarşısındakı foto. Böyüyür
en və uzunluq boyu. Böyüyür,
iri bir ekrana dönür. Azca səksənir
əvvəlcə. Qəfil hadisələrə alışıb deyə,
sonra seyr edir
böyüyən müstəvini təmkinlə:
Görür öz körpəliyidi ekranda. Tutur əlindən
aparır əvvəlcə bağçaya, sonra məktəbə,
sonra yenə də harasa. Elə hey gedib-gəlirlər.
Arada tutub əl-ələ qalxırlar havaya.
Müxtəlif hadisələr yaşanır bu gediş-gəliş
və uçuş-enişlərdə. Bəzisi aydın təsvir olunur
ekranda, bəzisi tutqun. Bəzisi heç görünmür,
itir qaranlığın içində.
Hər hadisədən hadisəyə böyüyür uşaq.
O qədər böyüyür, axırda ikisi bir adam olur.
Qaralır ekran, kiçilir müstəvi və
qarşısında foto – uşaqlıq şəkli.
Gedib qayıtdı keçmişdən. Amma
məkanlar da var, məkanlar;
nə getmək olur, nə də qayıtmaq -
yolları bağlı.
Fotolara baxdıq, zaman barədə düşündük qeyri-ixtiyari. Amma istənilən hadisə, istənilən predmet insana zamanı və məkanı xatırladır. Cavan da, qoca da. Əsa da, avtomobil də...
(ardı var)
Əli Şirin ŞÜKÜRLÜ,
riyaziyyat üzrə fəlsəfə doktoru, şair-esseist