BTQ polad magistralının Gürcüstan – Türkiyə hissəsi də istismara hazırdır
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mediada yayılan məlumatına əsasən, gürcüstanlı nazir Mariam Kvirivişvili ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu arasında keçirilən görüşdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tam istismara hazır olduğu bildirilib. Tbilisidə reallaşan görüşdə, eyni zamanda, nəqliyyat infrastrukturunun inkişafı və regionun tranzit mərkəzi kimi rolu müzakirə olunub. Söhbət zamanı iqtisadi artımın və regional inteqrasiyanın gücləndirilməsi üçün nəqliyyat dəhlizlərinin, o cümlədən BTQ dəmir yolunun səmərəli istifadəsinin vacibliyi vurğulanıb, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın prioritet istiqamətləri qeyd edilib. Görüşdə adları çəkilən ölkələrdə dəmir yollarının müasirləşdirilməsi, Şərq-Qərb avtomobil yolunun inşası, Tbilisidə yeni beynəlxalq hava limanının tikintisi məsələləri də daxil olmaqla, böyük infrastruktur layihələrinin həyata keçirilməsinin gedişatına da nəzər salınıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində mühüm bir halqadır. Göründüyü kimi, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan BTQ dəmir yolu layihəsi bu gün regionda nəqliyyat və logistika baxımından mühüm strateji layihələrdən biri kimi səmərəli fəaliyyət göstərir. Cənubi Qafqaz regionunu Avropa ilə Asiya arasında birləşdirən bu mühüm xətt təkcə 3 ölkəni deyil, həm də daha geniş bir coğrafiyada dövlətlərarası əməkdaşlığın güclənməsinə xidmət edir.
Xatırladaq ki, BTQ dəmir yolu marşrutu öz başlanğıcını Azərbaycanın Bakı şəhərindən götürərək Gürcüstanın Tbilisi şəhərinə, oradan isə Türkiyənin Qars bölgəsinə qədər uzanır. Bu marşrut təkcə yük daşımaları üçün deyil, həm də sərnişin daşımalarının inkişafı baxımından əhəmiyyətli bir infrastruktur layihəsidir. Çin ilə Avropa arasında daha qısa, sürətli və etibarlı bağlantı yaratmaq məqsədi daşıyan BTQ marşrutu, eləcə də TBNM çərçivəsində də önəmli bir halqa rolunu oynayır.
BTQ dəmir yolu Çin tərəfindən irəli sürülən və qlobal miqyasda həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında mühüm rol oynayır. Bu dəmir yolu vasitəsilə Çindən Avropaya uzanan yüklərin dəniz yolu ilə müqayisədə daha az vaxt sərf etməklə çatdırılması mümkündür. Əgər ənənəvi dəniz yolu ilə Çin məhsulları Avropaya 35-45 günə çatırsa, hazırda BTQ üzərindən bu müddət 12-15 günə qədər qısalır. Bu isə nəinki logistika xərclərinin azalmasına, həm də ticarət dövriyyəsinin sürətlənməsinə xidmət edir.
Layihə təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşsa da, əhatə dairəsi baxımından çox daha geniş bir regionu əhatə edir. Orta Asiya ölkələrinin – Qazaxıstan, Türkmənistan, Özbəkistan və Çinin BTQ vasitəsilə Avropaya birbaşa çıxışı gerçəkləşir. Bu isə Azərbaycanın geostrateji əhəmiyyətini artırır və ölkəni mühüm bir tranzit mərkəzinə çevirir.
BTQ-nin reallaşması Azərbaycanın nəqliyyat sahəsindəki konseptual baxışlarının nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüs Azərbaycanın nəqliyyat siyasətinin strateji və kompleks yanaşma üzərində qurulduğunu bir daha nümayiş etdirir. Dəmir yolunun fəaliyyəti göstərir ki, Azərbaycan artıq nəqliyyat kəsişməsində yalnız iştirakçı yox, həm də təşəbbüskar və istiqamətverici bir ölkədir.
Onu da qeyd edək ki, BTQ TBNM-nin əsas halqalarından biridir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Xəzər dənizi üzərindən Azərbaycana, oradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanır. Azərbaycan TBNM-də əsas tranzit ölkə olmaqla yanaşı, həm də Xəzər dənizi üzərində multimodal daşımaların təşkili üçün zəruri liman və logistika infrastrukturuna malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və dəmir yolu bağlantıları ilə BTQ marşrutu TBNM-in səmərəliyini daha da artırır.
Ümumiyyətlə, BTQ dəmir yolunun fəaliyyəti Azərbaycanın regional və beynəlxalq statusuna mühüm töhfə verir. Bu dəhliz vasitəsilə ölkəmiz:
– tranzitdən gəlir əldə edir;
– yerli logistika sektorunun inkişafını stimullaşdırır;
– beynəlxalq bazarlara daha rahat çıxış imkanları qazanır;
– siyasi baxımdan regionda əməkdaşlıq və sabitliyə töhfə verir.
Bütün bunlarla yanaşı, BTQ xətti Zəngəzur dəhlizinin reallaşması ilə paralel şəkildə regionda nəqliyyat strukturunun daha da möhkəmlənməsinə yol açacaq. Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə nəqliyyat birləşməsi, eləcə də bu bağlantının Türkiyəyə inteqrasiya olunması BTQ-nin gələcək rolunu daha da genişləndirəcək.
Hazırda BTQ dəmir yolu layihəsinin gücləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Xüsusilə Gürcüstan ərazisində infrastrukturun genişləndirilməsi, yeni stansiyaların tikintisi və ötürmə gücünün 5 milyon ton yükə çatdırılması planlaşdırılır. Bu prosesin reallaşması isə layihənin daha geniş bir ticarət həcmini əhatə etməsinə imkan verir.
BTQ dəmir yolu sadəcə bir nəqliyyat marşrutu deyil, bu, Azərbaycanın regional əməkdaşlıq fəlsəfəsinin, strateji baxışının və milli maraqlarını regional inteqrasiya ilə uzlaşdırma bacarığının bariz nümunəsidir. Bu dəhliz vasitəsilə Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regionun lider ölkələrindən biri kimi öz mövqeyini daha da möhkəmləndirir.