Üzeyir Hacıbəyli – 140
Üzeyir bəy Hacıbəyli, sadəcə, sevgili Azərbaycanın, əziz Azərbaycanın, qardaş Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin də böyük iftixar qaynaqlarındandır. Böyük millətlər böyük sənətkarlar yetişdirir, böyük sənətkarlar da millətlərinin üzünü ağ edirlər. Üzeyir bəy millətimizin üzünü ağ edən və bizləri ucaldan böyük bir sənətkardır.
Yavuz Bülənd Bakilər,
görkəmli türk şairi, publisist, alim
Professional musiqi mədəniyyətimizin təməl daşını qoymuş, ölməz əsərləri ilə cahan mülkünü lərzəyə salmış dahi bəstəkar, bütün Şərq aləmində opera və operetta janrının yaradıcısı, dramaturq, publisist, pedaqoq, musiqişünas alim, tərcüməçi, mütəfəkkir, filosof, akademik, ictimai xadim, novator sənətkar, əvəzolunmaz böyük insan Üzeyir Hacıbəyli 1910-cu ildə “Həqiqət” qəzetində yazırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar.
Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”. Mütəfəkkiranə deyilmiş bu kəlamları tamamilə Üzeyir bəyin özünə şamil etmək olar.
Sağlığında olduğu kimi, haqqa qovuşduqdan sonra da ölməz yaradıcılığı, müqəddəs adı ilə canından çox sevdiyi doğma xalqına ümumbəşəri şöhrət gətirmiş Üzeyir Hacıbəylinin musiqisi dünyanı heyrətə salmaqdadır.
Təsadüfü deyil ki, Kanadanın Niaqara şəlaləsi yanında dahi bəstəkar Volfqanq Amadey Motsartın 250 illik yubileyinə həsr olunmuş böyük festival Üzeyir bəyin “Fantaziya” əsəri ilə açılmışdır. Bu da Üzeyir bəyin musiqisinin dünyəviliyindən xəbər verir.
Üzeyir bəy Hacıbəyli Azərbaycan, bütünlükdə böyük Türk dünyasının mədəniyyəti, incəsənəti üçün nələr etmədi? Xalqının çiçəklənməsi yolunda ömrünü şam kimi əritdi. İlk opera, operetta, müxtəlif janrlarda əsərlər yazdı. Milli kadrlar yetişdirmək üçün musiqi məktəblərin, musiqi texnikumunun, konservatoriyanın bünövrəsini qoydu. Bütün musiqi kollektivlərinin – xalq çalğı alətləri “notlu” orkestrini, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs ansamblını, sazçı qızlar dəstəsini yaratdı. Azərbaycanda bəstəkarlıq məktəbinin bünövrəsini qoydu və böyük bəstəkarlar, musiqişünaslar nəsli yetişdirdi. Onun tələbələrindən Asəf Zeynallı, Fikrət Əmirov, Qara Qarayev, Ərtoğrol Cavid, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Niyazi, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Məmməd Cavadov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökümə Nəcəfova, Əminə Eldarova və yüzlərlə başqaları bu gün də xalqımızın sevdiyi bəstəkar və musiqişünaslardır.
Üzeyir bəy sənətə gələndə nə bir məktəb, nə də ki, bir müəllim vardı. Bu cəfakeş, fədakar insan nə yaratdısa, təkbaşına yaratdı. Bütün cığırları özü açdı. Akademik Mustafa bəy Topçubaşov özünün “Acılı-şirinli xatirələr”ində yazırdı ki, mən Üzeyir bəyi Avropa bəstəkarlıq məktəbinin Bax, Verdi, Motsart, Bethoven və b. nümayəndələri ilə müqayisə etmək istəmirəm. Daha doğrusu, çətinlik çəkirəm, çünki Üzeyir bəy məktəb nümayəndəsi deyil, özü ayrıca bir məktəb idi.”
Dahilər dahisi Üzeyir bəy Hacıbəylinin yetişməsində təbii ki, Azərbaycanımızın tacı sayılan qədim Şuşa mühitinin də böyük rolu olmuşdur. Bu dilbər guşənin saf iqlimi – havası, suyu, eləcə də ədəbi və musiqi məclisləri Şuşadan çıxan bir çox böyük şəxsiyyətlər kimi Üzeyir bəyi də Azərbaycana ərmağan etmişdir. Üzeyir bəy Hacıbəylinin əsli-kökü büllur kimi Şuşadan idi. Onlar Şuşada Çöl qala məhəlləsində yaşayırdılar. Lakin Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi mahalında dünyaya gəlmişdir. Doğulandan bir ay sonra isə kiçik Üzeyiri anası Şirinbəyim Əliverdibəyli–Hacıbəyli ilə bərabər dəvənin üstündə qoyulmuş xüsusi kəcavədə Şuşaya aparmışlar.
Gözəl Şuşa mühitində böyüyən Üzeyir bəy ilk təhsilini bu füsunkar şəhərdə almış, ərəb, fars, rus dillərini də məhz burada əxz etmişdir. Ü. Hacıbəyli yazırdı ki, mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada ən yaxşı xanəndə və sazəndələrdən almışam. Sonra o, Qori Müəllimlər Seminariyasında (1899–1904) təhsil alaraq, yenidən Azərbaycana qayıtmış, əvvəlcə Qarabağın Hadrut (Xocavənd) kəndində, sonra Bakının Bibiheybət, “Səadət” məktəblərində ana dili, hesab, coğrafiya, tarix, rus dili və musiqidən dərs deyərək, Vətənə yararlı insanlar yetişdirmişdir.
Kiçikdən böyüyə, hamının, hətta SSRİ adlı bir imperiyanın rəhbəri İosiv Stalinin belə “bəy” deyə müraciət etdiyi Üzeyir Hacıbəyli, həqiqi mənada, bəy nəslindən idi. 18 avqust 1897-ci ildə xan qızı Natəvan və bir neçə nəfərdən ibarət Qarabağ bəyləri tərəfindən imzalanmış şəhadətnamədə Ü. Hacıbəylinin bəy nəslindən olduğu təsdiq edilmişdir. Əmək fəaliyyətinə pedaqoq, publisist kimi başlayan Üzeyir bəy Bakıda Orucov qardaşları mətbəəsində “Türk-rus, rus-türk” lüğətini (1907) və “Hesab məsələləri” (1908) dərsliyini çap etdirmişdir. Mütərcimliklə də məşğul olmuş və 1909-cu ildə görkəmli rus yazıçısı Nikolay Qoqolun “Şinel” əsərini ilk dəfə ana dilimizə çevirmişdir.
“Dəllək” adlı ilk mənzum felyetonunu Tiflisdə çıxan “Şərqi-Rus” qəzetində dərc etdirən Üzeyir bəyin bu sahədəki yaradıcılığı 1903–1948-ci illəri əhatə edir. Bu yöndəki fəaliyyətinin ən məhsuldar çağları isə 1905–1920-ci illər olmuşdur. Bu illərdə o, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal”, “Azərbaycan”, “Kaspi”, “Molla Nəsrəddin” kimi qəzet və dərgilərdə 67 təxəllüs altında (“Filankəs”, “Bəhmənkəs”, “Bir şəxs”, “Bisavad”, “Çı”, “Lal uşaq”, “Hamamçı”, və i. a.) özünün bir-birindən maraqlı məqalə və felyetonlarını dərc etdirmişdir. Ümumiyyətlə, Üzeyir bəy Hacıbəyli böyük cəsarət sahibi olmuşdur. Qorxmaz, uzaqgörən bir publisist kimi yazdığı məqalə, felyeton, pamflet, satirik hekayə, miniatür və s. janrlarda əsərləri öz aktuallığı ilə bu gün də çox önəmlidir.
Hər gün maraqlı mövzularla mətbuatda çıxış edən Üzeyir bəy həm də 4 qəzetə redaktorluq etmişdir. “Tərəqqi” (1908–1909), “Həqiqət” (1909–1910), “Yeni iqbal ” (1915–1916), “Azərbaycan” (1919–1920) qəzetlərinin rəhbəri olaraq, səmərəli fəaliyyət göstərmişdir.
İstər publisist kimi, istər dramaturq, istər pedaqoq, istər tərcüməçi, istər alim, filosof, istər ictimai xadim olaraq fəaliyyət göstərdiyi bütün sahələrdə Üzeyir bəy öz təkrarsız möhürünü vurmuşdur. Lakin ona dünya şöhrəti gətirən musiqi əsərləri, bəstəkarlığı olmuşdur. Özünün gözəl əsərləri ilə dünya mədəniyyətinə pəncərə açmışdır. Əbəs yerə Şərq musiqisinin atası sayılmırdı. 22 yaşında ikən “Leyli və Məcnun” adlı ilk fenomenal operasını yaratdı və Şərq aləmində bu janrın əsasını qoydu. İlk operasından ruhlanaraq, bir-birinin ardınca “Şeyx Sənan”(1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalarını yazdı. Məhz milli operalarını, muğam operalarını yox! Üzeyir bəy Hacıbəyli heç vaxt operalarına muğam operası deməmişdir. Bu əsərlər muğamlar əsasında yazılmış milli operalardır. Təəssüflər olsun ki, Üzeyir bəyin yaradıcılığını dərindən bilməyənlər bu əsərləri muğam operaları adlandıraraq, onların mahiyyətini kiçildirlər. Hər halda dahi bəstəkar özü yaxşı bilirdi ki, nə yaradıb...
Operalarla yanaşı bütün Şərqdə ilk operetta janrının yaranması da məhz Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. O, “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1913) kimi dünya şöhrəti qazanmış operettalarla bənzərsiz məktəb yaratmışdır. Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı ildə (1913) yazdığı “Arşın mal alan” operettası 67 xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmış, 4 dəfə ekran həyatı yaşamışdır. Bu əsər ABŞ-ın 13 ştatında, Polşanın 16 şəhərində, Çinin 3 şəhərində, Türkiyədə, İranda, Yunanıstanda, Fransada və onlarca başqa ölkədə tamaşaya qoyulmuşdur. 1945-ci ildə ekranlaşdırılmış “Arşın mal alan” filmi isə bütün dünyanı dolaşmışdır. Bu gün də ölkəmizdən çox-çox uzaqlarda “Arşın mal alan” böyük uğurla səhnələrdə oynanılaraq, müxtəlif xalqların sevimlisinə çevrilmişdir. Sevindirici haldır ki, 2006-cı ildə Avropanın musiqi beşiyi sayılan Vyanada “Arşın mal alan” operettası böyük uğurla tamaşaya qoyulmuşdur.
Üzeyir bəy Hacıbəylinin yaradıcılığının tacı, qəhrəmanlıq dastanı olan “Koroğlu” (1937) operası böyük sənətkara misilsiz uğur və şöhrət gətirmişdir. Bu əsərdə o, Qərb musiqi üslubundan faydalanaraq, Avropa dilində özünün Şərq, milli operasını yazmış, böyük ustalıqla Qərb və Şərq musiqi alətlərinin sintezini yaratmışdır.”Koroğlu” operası 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan İncəsənəti ongünlüyündə görünməmiş uğurla göstərilmiş və “Ən yaxşı opera” adına layiq görülmüşdür.
Maraqlıdır ki, Ü. Hacıbəyli “Koroğlu” operasından başqa altı opera və üç operettasının librettosunu da məhz özü yazmışdır. “Koroğlu”nun librettosuna isə xeyli düzəlişlər etmişdir. Ümumiyyətlə, Üzeyir bəyin çox maraqlı, şirin, cəlbedici dili vardır. Heç təsadüfi deyildir ki, onun qələmindən çıxmış bir çox ifadələr zərb-məsəllərə, kəlamlara çevrilmişdir. “Heç hənanın yeridir”, “Qurban olasan ayağımın altında yatan hambala”, “Sən dul, mən dul, gəl mənə bənd ol”, “Pulun var – gələrəm”, “Yazılarımı iyləmə”. “Lap oranqutan meymunudur” və s. kimi ifadələr xalqın dilinin əzbəridir.
Böyük qələm və söz ustası olan Üzeyir bəy Hacıbəyli həm operalarının, həm də operettalarının librettolarında sadə xalq həyatını əsərə gətirərək, hadisələri bədiiləşdirmişdir. Məsələn, “O olmasın, bu olsun” əsərinin fabulası Bakı həyatından, “Arşın mal alan” operettasının mövzusu isə Şuşa məişətindən götürülmüşdür.
Üzeyir bəyin əsərlərində qadın azadlığı, həqiqi eşq, öz paklığı, ülviliyi ilə seçilən və qara qüvvələrə qalib gələn saf məhəbbət əsas süjet xətti olmuşdur. Sədaqət, vəfa, mətanət, nikbinlik, azadlığa və əməyə sevgi, xəyanətə və zülmə nifrət Ü. Hacıbəylinin opera və operettalarının əsas aparıcı mövzusunu təşkil edir.
Üzeyir bəy Hacıbəyli irsi çox qiymətli xəzinədir. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, orada onun dəst-xətti görünməmiş olsun. Ümumiyyətlə, dahi sənətkar nə yaratmışdırsa, hamısı bir ilk olmuşdur. Bütün sənət cığırlarını Üzeyir bəy açmışdır. 300-dən çox xalq mahnısını nota salmış, “Azərbaycan”, “Dağıstan” adlı birpərdəli baletləri, marş və kantatalarını, fantaziyaları, mahnı və romansları, kamera və xor əsərləri yazmışdır. Dövlətimizin rəmzlərindən biri olan “Himn”də Ü. Hacıbəyli qələminin məhsuludur.
Musiqişünas alim kimi Ü. Hacıbəyli 1945-ci ildə özünün “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsərini nəşr etdirmişdir. Kitabın müqəddiməsində müəllif yazırdı: “Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir”. Doğrudan da, “Azərbaycan xalq musiqisinin əsasları” əsəri bəstəkarların masaüstü dərsliyidir. Bu kitabın dəyərini o dövrkü sovet bəstəkarları və musiqişünasları da etiraf edirdilər. “Şahsənəm” operasının müəllifi, SSRİ xalq artisti R. M. Qlier 1945-ci ildə Üzeyir bəyə göndərdiyi məktubda “Azərbaycan xalq musiqisinin əsasları”nın mahiyyəti barədə yazırdı: “Mən inanıram ki, Sizin əsərinizin Azərbaycan, habelə bütün sovet və dünya musiqi sənətinin inkişafında müstəsna əhəmiyyəti olacaqdır.”
Bu əsər haqqında xalqımızın fəxri, dünya şöhrətli professor, məşhur kristalloqraf Xudu Məmmədov isə belə demişdir: “ Üzeyir bəy Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı böyük bir dəryadır. Bu qiymətli, fundamental əsər təkcə Azərbaycan xalq musiqisinin deyil, eyni zamanda bütün elmlərin əsasıdır”.
Üzeyir bəy Hacıbəyli 1945-ci ildə təşkil edilmiş, Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri olmuş və həmin ildən də Akademiyaya həqiqi üzv seçilmişdir. Bir önəmli məsələni də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Elmlər Akademiyasının nəzdində olan indiki Memarlıq və İncəsənət İnstitutunun bünövrəsini 1945-ci ildə Üzeyir bəy Hacıbəyli qoymuşdur. O zaman institutun adı sadəcə İncəsənət adlanırdı. Ömrünün sonuna kimi bu ocağa da Üzeyir bəy rəhbərlik etmişdir. Böyük dühanın anadan olmasının 60 illiyi münasibətilə 1945-ci ildə Azərbaycan hökumətinin xüsusi qərarına əsasən həmin İncəsənət İnstitutuna Üzeyir bəy Hacıbəylinin adı verilmişdir.
Dahi sənətkarın sağlığında onun fəaliyyəti dəyərincə qiymətləndirilmişdir. Onunla ən yüksək dairələrdə belə hesablaşırdılar. Bütün səviyyələrdə də Üzeyir bəyin sözü qəbul olunurdu. 1938-ci ildə Moskvada keçirilən dirijorların ümumittifaq müsabiqəsinin münsiflər heyətinin üzvü, 1939-cu ildə yenə də Sovetlər Birliyinin paytaxtında düzənlənən SSRİ xalqlarının milli musiqi alətlərində ifaçıların ümumittifaq müsabiqəsinin münsiflər heyətinin sədri kimi önəmli vəzifələr Üzeyir bəy Hacıbəyliyə tapşırılmışdır. Bütün sovet bəstəkarları arasında ilk SSRİ Xalq artisti fəxri adı (1938) ona verilmişdir. İki dəfə (1941, 1946) Stalin mükafatına layiq görülmüşdür. 1937-ci ildən ömrünün sonuna qədər SSRİ Ali Sovetinin deputatı olmuşdur. Dövlətin ən mötəbər ödülləri ilə təltif edilmişdir.
23 noyabr 1948-ci ildə millətimizin fəxri, xalqımızın qüruru olan Üzeyir bəy Hacıbəyli 63 yaşında dünyasını dəyişərək haqqa qovuşdu. Şahidlərin və foto-sənədlərin dediyinə görə, belə izdihamlı dəfn mərasimi heç vaxt görünməmişdir. Bütün Azərbaycan, başda ölkənin o zamankı rəhbəri Mir Cəfər Bağırov olmaqla, dövlət və hökumət nümayəndələri, ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, adi vətəndaşlar, hətta əlil insanlar belə göz yaşları içərisində xalqımızın böyük oğlunu, dahi sənətkarı son mənzilə yola salmağa gəlmişdilər. Yollar, binaların damları, artırmalar insanlarla dolu idi. İynə atılsa, yerə düşməzdi. Hönkür-hönkür ağlayan insan axınının qarşısını almaq heç vəchlə mümkün deyildi. Atlı polis dəstəsi bu izdihamı nizamlamaqda çətinlik çəkirdi. Dəfn mərasimində başqa respublikalardan da çoxlu nümayəndələr iştirak edirdilər.
1965-ci ildə dahi sənətkarın anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin xüsusi qərarına əsasən Ü. Hacıbəyli adına respublika Dövlət mükafatı təsis edilmişdir. Onun ilk laureatları maestro Niyazi, dramaturq Şıxəli Qurbanov və bəstəkar, Xalq artisti Süleyman Ələsgərov olmuşlar. Təəssüf ki, bu mükafat da Elmlər Akademiyasının İncəsənət İnstitutunun adı kimi dəyişikliyə uğramışdır.
Cahanşümul dahi sənətkar Üzeyir bəy Hacıbəylinin xalqımıza qoyub getdiyi miras çox qiymətli xəzinədən ibarətdir. Bu xəzinə o qədər zəngindir ki, gələcək nəsillərə də ondan pay düşəcək. Yetər ki, onu layiqincə qiymətləndirək və qoruyub saxlamağı bacaraq.
Səadət QARABAĞLI,
üzeyirbəyşünas