Aydanın qrafik nağılları

post-img

Təsviri sənət hər bir rəssamdan bənzərsiz duyum və estetik baxış tələb edir. Buna görə də öz dəsti-xəttini formalaşdırmaq üçün fırça ustası yaxşı təhsil almalı, özəl yaradıcılıq yolu keçməli, fərdi potensialını daim inkişaf etdirməlidir. Bu xüsusiyyətləri özündə birləşdirən gənc rəssamlardan biri də Aydan Vəliəhddir.

Ötən əsrin 90-cı ilində Bakı şəhərində dünyaya göz açan Aydan ilk bədii təhsilə hələ məktəbli yaşlarında yiyələnib. Binəqədi rayonu 246 saylı liseydə oxuyub, 10 yaşından Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayında rəsm dərnəyinə gedib və sənətə ilk addımlarını orada atıb. Onun istedadına erkən dövrlərdə bələdçisi müəllimi Reyhan Əliyeva olub.

Yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə Aydan 2011–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika ixtisası üzrə təhsil alıb, burada Xalq rəssamları Cəmil Müfizadə və Arif Hüseynov kimi sənətkarların etimadını doğrultmağa çalışıb. Akademiyada onun “Tıq-tıq xanım” adlı diplom müdafiəsi yüksək qiymətləndirilib.

Gənc rəssamın performansı onun davamlı sənət axtarışında olduğunu, forma və məzmun vəhdətində fərqli yanaşmalar axtardığını göstərir. Rəsmlərində müşahidə edilən həssas duyumu, xüsusilə təbiət motivlərinə estetik yanaşması onun incə ruh dünyasının bariz təzahürüdür. Günün müxtəlif vaxtlarında müşahidə etdiyi mənzərələri, təbiətin ovqat dəyişikliklərini sənət dilinə çevirə bilməsi Aydan Vəliəhdin müşahidə qabiliyyətinin və duyğu zənginliyinin göstəricisidir. Buna misal olaraq ərsəyə gətirdiyi “Bahar gəldi”, “Bahar”, “İnci çiçəkləri”, “Əncirlər” və s. adlı əsərlərini sadalamaq olar. Onun iştirakı ilə reallaşan bir çox sərgi və müsabiqələr sırasında “Şuşa bilmirəm”, “Xocalını Unutma və Unutdurma”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Xəyalımın illüstrasiyaları”, “İstedad sorağında” kimi layihələr xüsusi qeyd olunmalıdır. Aydan Vəliəhd bu layihələrdə fəal iştirak etməklə yanaşı, dəfələrlə diplom və mükafatlara da layiq görülüb.

2015-ci ildən Azərbaycan Rəssamlar İttifaqının gənclər, 2025-ci ildən isə əsas bölməsinin üzvü olan Aydan Vəliəhdin fərdi yaradıcılığı 2019-cu ilin dekabrında tam mənada sənətsevərlərin qarşısında təqdim olunub. Qarışıq texnika və qrafik əsərlərdən ibarət “QRAFİKA-2019” adlı fərdi sərgisində nümayiş olunan 30-dan çox əsər tamaşaçılarda dərin estetik təəssürat yaradıb.

Bu gün də yaradıcılıq yolunu inamla davam etdirən Aydan Vəliəhd sənətdə sadəliklə dərinlik, sükutla danışan forma arasında mükəmməl bir harmoniya yaratmağı bacaran, çağdaş Azərbaycan təsviri sənətində öz yerini formalaşdırmaqda olan istedadlı sənətkar kimi diqqət çəkir.

Ziyarət Cabarova-QƏHRƏMANOVA,
sənətşünas





Mədəniyyət