Cəlal Qaryağdı – 110
Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğlu, Xalq rəssamı Cəlal Qaryağdı Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən biri olub.
Erkən yaşlarında ata-anasını itirən Cəlalı xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Bakıya gələrək, burada Rəssamlıq Məktəbinə qəbul olunub. Sonra Tbilisi Rəssamlıq Akademiyasında oxuyub, amma maddi imkansızlıq üzündən təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb. Qəzetlərdə rəssamlıq edib, “Gənc işçi”yə, “Yeni yol”a plakatlar, karikaturalar çəkərək, pul qazanıb. Yataqxanada qalıb, özü də ulu öndər Heydər Əliyevin qardaşı – “Kommunist”də (indiki “Xalq qəzeti”) rəssam işləyən Hüseyn Əliyevlə bir otaqda. Eyni zamanda Rəssamlıq Məktəbində müəllim işləyib.
Cəlal Qaryağdı 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayıb. Onun ilk böyük işlərindən biri Bakıda İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəlidir (memarlar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il). Bir vaxtlar oxuduğumuz universitetin jurnalistika fakültəsi İstiqlaliyyət küçəsində – Əlyazmalar İnstitutunun binasında yerləşirdi deyə, tez-tez bu heykəlin yanından keçməli olur, ayaq saxlayıb baxır, baxırdım. Oturmuş halda, əlində kitabla təsvir olunan şairin qarşısında qeyri-iradi olaraq özümü şagird kimi hiss edirdim. Tələbə yoldaşlarımla orada şəkillər də çəkdirmişəm. Yəni, Cəlal Qaryağdının üzünü görməsəm də, yaradıcılığı ilə tanışlığımın tarixi yarım əsr olar.
Sonra öyrəndim ki, Bakıda Nəriman Nərimanovun, vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş Vladimir Leninin heykəllərini də C.Qaryağdı yaradıb. Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərinin müəllifi də odur. Nizami adına Ədəbiyyat Muzeyinin binası heykəltəraşlıqla memarlığın vəhdətinə gözəl nümunədir. Daim qarşısında xarici turistlərin dayanıb heyranlıqla baxdıqları bu muzeydə tətbiq olunan milli memarlıq elementləri binanın xarici görünüşünə bir zəriflik gətirir. Muzeyin qərb fasadının eyvanında qoyulmuş ədəbiyyat xadimlərinin heykəlləri binanın arxitekturası ilə plastik əlaqə və həmahənglik təşkil edir. Burada digər tişə ustaları ilə bərabər, Cəlal Qaryağdının da zəhməti var: o, Molla Pənah Vaqifin heykəlini ustalıqla işləyib.
Görkəmli heykəltəraşın monumental-dekorativ əsərləri bədii ifadəliyi ilə seçilir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun Lənkərandakı abidəsi (1983) bu baxımdan xeyli əzəmətli təsir bağışlayır.
Yaradıcılıq özəllikləri ilə seçilən sənətkar Azərbaycanda və keçmiş SSRİ-nin digər respublikalarında təşkil olunan sərgilərdə dönə-dönə uğur qazanıb. Onun rəssamlıq fəaliyyətinin əsas mərhələsi İkinci Dünya müharibəsi dövrünə təsadüf edib. Bu illərdə, o, hünər və rəşadəti əks etdirərək, qəhrəmanlıq göstərmiş şəxslərin portretini yaradıb. Büst, barelyef və fiqurlarda da öz dəst-xəttini qoruyub saxlayıb.
Cəlal Qaryağdı dostluğa, insanpərvərliyə yüksək önəm verib. Onu tanıyanların dediyinə görə, Səməd Vurğunla, Rəşid Behdudovla ova çıxmağı sevər, silah atmaq əvəzinə “palçıq adamlar” düzəldər, məzəli əhvalatlar danışmağı xoşlayardı. Şuşa sənətkarlarının çoxunu evlərində, ocaqlarının başında görüb. Gələnlər əmisi Cabbar Qaryağdıoğlunun səsinin sehrinə yığışıblar. Bütün bunlar barədə gözəl xatirələri vardı.
Bakıda isə bir dəfə unudulmaz dahi şəxsiyyət Heydər Əliyev onun emalatxanasına gəlib. Ömür-gün dostu Firəngiz xanımın xatirələrindən: “Nəriman Nərimanovun heykəli 10 il idi ki, emalatxanada yatırdı. Deyirdilər, Kirovun heykəlindən böyük çıxıb. Heydər Əliyev gəldi, heykələ baxdı, bəyəndi. Dedi, ucaldılsın. Ev almağımızda da onun köməyi oldu. Amma emalatxanaya öyrəşdiyimizdən heç cür o evdə qala bilmirdik. Özü də 8-ci mərtəbədə. Mən birtəhər öyrəşdim. Cəlalsa o evdə heç qalmadı. Bazarlıq eləyirdi, 1-ci mərtəbəyə qoyurdu, düşüb götürürdüm. Həmişə deyirdi ki, uşaqlar bir gün ordan yıxılacaq. Evi 2-ci mərtəbəyə dəyişəndən sonra da emalatxanada qaldı. Deyirdi, ev məni sıxır. Həm də gecələr işləyirdi axı...”
Onu da deyək ki, ölümündən sonra Cəlal Qaryağdının emalatxanası ailəsinə verilib. İndi orada oğlu Cəlil işləyir. Atasının sənətini davam etdirir.
Əli NƏCƏFXANLI
XQ