Trampın ultimatumu: “Silahlı sülh” diqtəsi

post-img

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni bəyanatla çıxış edərək, Kiyevə hərbi yardımın genişləndirildiyini, Avropa müttəfiqlərinin dəstəyi ilə bu ölkəyə silah göndəriləcəyini bildirib. Eyni zamanda, əgər yaxın 50 gün ərzində münaqişənin nizamlanmasına nail olunmazsa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyini vurğulayıb.

Prezident Trampın çıxışı Vaşinqtonun Moskva ilə münasibətlərində nisbətən neytral mövqedən daha sərt ritorikaya keçdiyini göstərdi. Son 6 ayda ABŞ administrasiyası Rusiyaya qarşı müstəqil sanksiyalardan çəkinir, Avropa paytaxtlarında isə Vaşinqtonun dəstəyinin hansı çərçivədə və necə formalaşacağına dair qeyri-müəyyənlik hökm sürürdü.

Lakin Trampın çıxışı bu mənzərəni qismən dəyişdi. Ağ Evin Oval kabinetində keçirilən görüşdə NATO baş katibi Mark Rüttenin də olduğu səhnədə Tramp açıq şəkildə bildirdi ki, əgər Rusiya ilə barış əldə olunmasa, ABŞ 100 faizlik, o cümlədən ikili təyinatlı gömrük rüsumları tətbiq edəcək. Bu, yalnız Moskvanı deyil, onunla ticarət əlaqələrini saxlayan üçüncü ölkələri də hədəf alacaq. Cənab Trampın bu bəyanatı həm də Vaşinqtonun yalnız hərbi deyil, iqtisadi təzyiq alətlərini də yenidən gündəmə gətirdiyinin siqnalıdır.

Donald Tramp Kiyevə silah tədarükünün əvvəlki administrasiyanın etdiyi kimi birbaşa və pulsuz şəkildə deyil, ödənişli əsaslarla həyata keçiriləcəyini bəyan etdi. O, ABŞ-ın NATO ölkələrinə silah satacağını, həmin ölkələrin isə bu texnikanı Ukraynaya ötürəcəyini vurğuladı. Prezident Tramp bu prosesi ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin koordinasiya edəcəyini bildirdi.

Bundan başqa, ABŞ prezidenti Ukraynaya 17 ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin göndəriləcəyini də açıqladı. Hərbi ekspertlər bu açıqlamanı ehtiyatla qarşılayaraq, həmin sayın texniki reallığa uyğunluğunu sual altına alırlar. NATO baş katibi Rütte isə bu təşəbbüsə açıq dəstəyini bildirərək, Almaniya, Danimarka, İsveç, Estoniya və Niderlandın bu prosesdə iştirak edəcəyini bəyan etdi.

Avropa İttifaqının əsas paytaxtlarında isə Trampın bəyanatlarına fərqli reaksiya bildirildi. Almaniya hökumətindən verilən ilkin şərhlərdə vurğulandı ki, Vaşinqtonun təşəbbüsləri “diqqətlə təhlil olunacaq”. Paris və Brüsseldə isə daha çox ABŞ-ın gömrük rüsumları ilə bağlı ritorikası narahatlıqla izlənilir. Fransanın Avropa işləri üzrə dövlət katibi Silvi Goulard bildirir ki, “Avropanın təhlükəsizlik maraqları ABŞ-ın iqtisadi şərtlərinə tabe edilməməlidir”. Eyni zamanda, Qərb paytaxtlarında cənab Trampın Ukraynaya dəstəyinin struktur dəyişiklikləri ilə müşayiət olunması onun daxili siyasi strategiyası ilə də əlaqələndirilir. ABŞ-da prezident seçkiləri öncəsi Donald Trampın xarici siyasətdə daha sərt mövqelər nümayiş etdirməsi daxili auditoriyaya yönəlmiş bir siqnal kimi dəyərləndirilir.

Eyni zamanda, cənab Tramp çıxışında Rusiya ilə diplomatik kanalların tam bağlanmadığını da vurğuladı. O, Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə danışdığını, lakin bu dialoqların nəticə vermədiyini də etiraf etdi: “Mən zəngi bitirəndə düşünürəm ki, yaxşı keçdi. Amma sonra raketlər yenə Kiyevə atılır”. Bununla belə, ABŞ prezidenti müharibənin daha da kəskinləşəcəyi təqdirdə ABŞ-ın konkret hansı addımları atacağı sualına cavab verməkdən yayındı.

Beləliklə, Prezident Trampın bəyanatları ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı siyasətində həm sərtləşmə meyillərinin, həm də diplomatik ehtiyatlılığın paralel mövcudluğunu ortaya qoydu. Avropada isə bu mövqenin qəbulu bir qədər ehtiyatla müşayiət olunur. Buna görə də, ekspertlər güman edirlər ki, ABŞ-la Avropa arasında həmrəylik çağırışları fonunda iqtisadi və hərbi qərarların koordinasiyası qarşıdakı həftələrin əsas mövzusuna çevriləcək.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya