Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:
1. 15-2-ci maddə üzrə:
1.1. 15-2.1-ci maddəyə “himayəyə götürülmüş” sözlərindən sonra “, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. 15-2.3-cü maddədən “həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla),” sözləri çıxarılsın;
1.3. aşağıdakı məzmunda 15-2.4-cü maddə əlavə edilsin:
“15-2.4. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi bu Qanunun 15-17.2.3-3-cü maddəsi nəzərə alınmaqla həyata keçirilir.”.
2. Aşağıdakı məzmunda 15-17.2.3-3-cü maddə əlavə edilsin:
“15-17.2.3-3. xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə tətbiqi şərtləri;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2025-ci il

