Bakı məclisinin yubileyinə Türk qardaşlığı töhfəsi

post-img

I Türkoloji Qurultay – 100

Xəbər verdiyimiz kimi, fevralın 27-də AMEA Rəyasət Heyətində fəaliyyətə başlamış I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın ikinci günü panel iclasları ilə davam etdirilib.

İclaslarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Macarıstan, Almaniya, Polşa və Gürcüstanı təmsil edən dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim ediblər.

Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlunun moderatorluğu ilə keçirilən “Əli Bəy Hüseynzadə” panelində “Bakı Türkoloji Qurultayının 100 illiyinə ərməğan: Türk Dünyası Rəqəmsal Kitabxanası - Turcology.com”, “Göktürk xaqanlığının quruluş mərhələləri və müasir Türk dünyasına təsirləri”, “Türkoloji Qurultayın iki vacib amili: Rus bolşevizmin “dünya proletar inqilabı” və Şərqdə “mədəni inqilab” xəyalı”, “Türkiyədə Atilla və Avropa hunları ilə bağlı aparılan tədqiqatların qiymətləndirilməsi”, “Divanü lüğat-it-türkə əsasən Argular və Arguca haqqında qiymətləndirmələr” və “Çarlıq və Sovet rejimlərində Rusiyanın Türk xalqlarına qarşı müstəmləkəçi dil siyasəti” adlı məruzələr dinlənilib.

Türkiyənin Marmara Universitetinin professoru Okan Yeşilotun və Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin moderator olduğu “Mahmud Qaşqarlı” adlı panel iclasında isə “Rusiyada türk xalqlarının mətbuatında ortaq ədəbi dilin istifadəsi (1883-1930-cu illər arasında)”, “Birinci Türkoloji Qurultay arxiv sənədlərində”, “Qurultaydan günümüzə qədər: Türk etimologiyası tədqiqatları”, “Türkoloji Qurultayın mədəniyyət müharibəsində yeri”, “Avrasiyanın tarixi coğrafiyasında toponimiya tədqiqatına təklif: Tabula (TIR və TIB) nümunəsi” və “1926-cı il Bakı Türkologiya Konqresi: Türkologiyanın əhatə dairəsi və fənlərarası sərhədləri” adlı məruzələr təqdim olunub.

Məruzələrdə Birinci Türkoloji Qurultayın elmi irsi sistemli şəkildə yenidən dəyərləndirilib, müasir türkoloji tədqiqatlar üçün yeni metodoloji yanaşmalar irəli sürülüb.

Konfransın ilk günündə xüsusi təltifetmə mərasimi də keçirilib. Azərbaycan mətbuatının Türkiyədə tanınmış tədqiqatçıları – Egey Universitetinin professoru Yavuz Akpınar və həmin universitetin Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri Yılmaz Özkayaya “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olunub.

Türkiyənin İzmir şəhərində nəşr olunan “Yeni gün” qəzeti isə I Türkoloji Qurultayın 100 illiyinə və Türk dünyasını birləşdirən yeni layihələrə həsr olunmuş məqalələr silsiləsinə görə Azərbaycan Mətbuat Şurasının Fəxri diplomu ilə mükafatlandırılıb.

Təltifləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid təqdim edib.

Qeyd edək ki, İzmirdə nəşr edilən “Yeni gün” qəzeti 2005-ci ildən nəşr edilir və regional mətbuatın formalaşmasında mühüm yer tutur. Nəşr fəaliyyəti ilə regional mətbuatın inkişafına və cəmiyyətin dezinformasiyadan uzaq, etibarlı informasiya ilə təmin olunmasına xidmət edən mühüm media platformasıdır. Qardaş ölkənin bu populyar gündəlik nəşri Türk dünyasına həsr olunmuş silsilə yazıları ilə də seçilir, xüsusilə Azərbaycanın Türk dünyasına verdiyi elmi, mədəni və ictimai töhfələrin təbliğinə xüsusi yer ayırır. Qəzetin imtiyaz sahibi İzmirin tanınmış iş adamı Məsud Şimşəkdir.

Fevralın 28-də beynəlxalq konfransın 7 panel iclasına Xəzər Universiteti ev sahibliyi edib.

Ali məktəbin Mərmər salonunda keçirilən ümumi toplantıda qardaş və dost ölkələrdən gəlmiş məşhur, nüfuzlu türkoloqları və ölkə alimlərini salamlayan universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı belə bir tarixi məclisin Xəzər Universitetində keçirilməsinin olduqca məsuliyyətli və öyünclü hadisə olduğunu söyləyib..

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli isə Azərbaycan paytaxtında keçirilən beynəlxalq elmi konfransın I Türkoloji Qurultayın zəngin irsinə, bu gün də önəmli olan ideyalarına sevgi-sayğı və sədaqət əlaməti altında keçdiyini söylədi, panel iclaslarının işinə uğurlar arzuladı.

Günün birinci və ikinci yarısında keçirilən “İsmayıl bəy Qaspralı”, “Abay Kunanbayoğlu”, “Mağcam Cumbay”, “Yusif Akçura”, “Əhməd Cəfəroğlu”, “Nəsib bəy Yusifoğlu” və “Ayaz İshaki” panellərində I Türkoloji Qurultayın tarixinə, hədəflərinə, Türk dünyasının mədəni birliyinin müxtəlif məsələlərinə həsr edilmiş onlarla məruzə dinlənilib və geniş müzakirə edilib.

Məruzələrdə bildirilib ki, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni inteqrasiyası, ortaq milli-mənəvi dəyərlərin formalaşdırılması və türkologiyanın müstəqil elmi istiqamət kimi inkişafı baxımından dönüş nöqtəsi kimi tarixə yazıldı. Qurultay XX əsrin əvvəllərində Türk dünyasında aktual olan dil, ədəbiyyat, tarix, mədəniyyət və təhsil problemlərini sistemli şəkildə gündəmə gətirməklə yanaşı, ortaq elmi düşüncə mühitinin yaradılmasına xidmət etmişdir. Təqdim olunan məruzələr humanitar və sosial elmlərin müxtəlif sahələrini əhatə etmiş, türkologiyanın gələcək inkişaf istiqamətləri üzrə konkret elmi yanaşmalar və təkliflər irəli sürülmüşdür.

Konfransın davamı olaraq Xəzər Universitetində keçirilən iclaslar, eləcə də beynəlxalq iştirakçılarla aparılan elmi müzakirələr göstərdi ki, bugünkü konfrans türk xalqlarının möhkəm elmi və mədəni əsaslar üzərində qurulmuş birliyinin daha da dərinləşdirilməsinə real töhfə verməklə, Türk dünyasının elmi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bütün bunları beynəlxalq konfransın iştirakçılarının XQ-yə açıqlamaları da təsdiqləyir.

Sərdar ÇAM, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini:

– Bakıda keçirilən indiki beynəlxalq türkoloji elmi toplantı göstərir ki, şəhər bu gün də Türk dünyasının intellektual və elmi həyatında aparıcı mövqeyini qoruyub saxlayır. Bir əsr əvvəl I Türkoloji Qurultaya ev sahibliyi etmiş Bakıda yenidən eyni məkanda alimlərin bir araya gəlməsi təsadüfi deyil. Bu, keçmişin ideyaları ilə bu günün elmi gündəmi arasında canlı və davamlı bir körpü yaradır. Tarixi qurultayda formalaşmış elmi düşüncə, ortaq dil və mədəniyyət axtarışları bu gün artıq Türk dövlətlərinin geniş coğrafiyasında real əməkdaşlıq layihələri, birgə tədqiqatlar və akademik şəbəkələr şəklində öz bəhrəsini verir.

İlk Türkoloji Qurultayın iştirakçıları yalnız dövrünün problemlərini müzakirə etməmiş, eyni zamanda, gələcək nəsillər üçün ümumi elmi istiqamət və strateji baxış formalaşdırmışdır. Bu gün Türk dünyasında dil, tarix, mədəni irs, terminologiya və təhsil sahələrində aparılan inteqrasiya proseslərinin ideya kökləri məhz həmin tarixi toplantıya gedib çıxır.

Ona görə də bugünkü beynəlxalq konfransın yenidən Bakıda və tarixi məkanda təşkili türk xalqlarının elmi yaddaşına və ortaq irsinə verilən dəyərin bariz nümunəsidir. Belə toplantılar təkcə elmi nəticələrlə məhdudlaşmır, eyni zamanda, Türk dövlətləri arasında qarşılıqlı etimadın, mədəni yaxınlığın və gələcək strateji əməkdaşlığın möhkəmləndirilməsinə böyük əminlik yaradır. Qurultay iştirakçılarının ideya və fəaliyyəti bu gün türk dövlətlərinin geniş məkanında öz real əksini tapır. Bakı isə Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir.

Kurşat ZORLU, Türkiyənin millət vəkili:

– Türkdilli ölkələr arasında ünsiyyətin daha da möhkəmlənməsi üçün ortaq əlifbanın tətbiqi istiqamətində atılmalı olan addımlar elmi konfransın əsas məsələlərindən biridir. Heç bir vasitəçi olmadan anlaşan türkdilli dövlətlər eyni ailəyə mənsubdur və bu, bir-birimizlə əməkdaşlıq etmək üçün geniş perspektivlər yaradır. Gücümüz birliyimizdədir. Bu baxımdan elmi konfransdan gözləntilərimiz böyükdür.

Konfransda bu qədər iştirakçının, qonaqların olması məni çox sevindirdi. Birinci qurultayda cəmi 131 nəfər iştirak edirdisə, 100 illik yubiley münasibətilə keçirilən konfransda bütün Türk dövlətlərindən olan elm adamları, o cümlədən tarixçilər, dilçilər arxeoloqların iştirakı bayram əhvalı yaradır. 100 illik yubiley elmi konfransı türkologiyanın aktual məsələlərinin müzakirəsi üçün çox faydalı olacaq.

Yunus KOÇ, Hacettepe Universiteti Türkoloji Araşdırmalar İnstitutunun direktoru, professor:

– I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri olmuşdur. XX əsrin əvvəllərində Bakı iqtisadi, ticari və mədəni baxımdan regionun aparıcı mərkəzlərindən biri kimi tanınmağa başlamışdı və bu amil qurultayın burada keçirilməsini şərtləndirən əsas səbəblərdən olmuşdur.

1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Türk dünyasının tanınmış alimləri, dilçiləri, tarixçiləri, şairləri, yazıçıları və digər görkəmli mütəfəkkirləri ilk dəfə bu miqyasda bir araya gələrək SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcəyə hesablanmış mühüm qərarlar qəbul etmişdir.

Məhz Birinci Türkoloji Qurultayın qərarları əsasında keçmiş Sovetlər Birliyinə daxil olan türk respublikalarında latın qrafikalı əlifbaya keçid prosesinə başlanılıb. Eyni zamanda, bu qurultayda ilk dəfə olaraq türk xalqlarının öz tarixi və mədəni irsi ilə bağlı elmi-tədqiqatların istiqamətləndirilməsinə dair sistemli yanaşma formalaşdırılıb.

Türkiyəli professor bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə qeyd olunması gələcək elmi araşdırmalar üçün də mühüm zəmin yaradır. Bu yubiley yalnız tarixi xatırlamaq deyil, həm də ideya varisliyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

1926-cı ildə qurultay iştirakçılarına “yoldaşlar” deyə müraciət olunurdu. Bu gün isə “qardaşlar” deyə müraciət edirik. Bu dəyişiklik Türk dünyasında ideoloji çərçivədən mənəvi və milli həmrəyliyə keçidin rəmzidir”.

Ömər YILDIZ, Yunus Əmrə İnstitutu rəhbərinin müavini:

– I Türkoloji Qurultayın 100 illiyi münasibətilə buradayıq. Türk dünyasının dörd bir yanından gələn fikir insanları ilə bir arada türk dilinin, sənətinin, elminin, mədəniyyətinin gələcəyini daha da irəliyə aparmaq, inkişaf etdirmək, ortaq dil, fikir, düşüncə üçün bir araya gəldik.

AMEA-nın binasında 100 il öncə toplanan alimlərimizlə eyni ruh, eyni qərarlılıq və eyni baxış Türk dünyasının gələcəyini şəkilləndirməyi hədəfləyirik. Bu yolda bizə dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edirik.AMEA-nın binasında toplanan alimlərimizlə Türk dünyasının gələcəyini şəkilləndirməyi hədəfləyirik.

Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU
XQ









Sosial həyat