Ötən il avtoqəzalara 749 min manat sığorta ödənilib

post-img

“İcbari sığortalar haqqında” Qanuna əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.

2025-ci ildə quruma kompensasiya ödənişləri ilə bağlı 398 müraciət daxil olub. Həmin müraciətlər əsasında 217 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 min 342 manat, 10 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 28 min manat və 171 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 min 833 manat olmaqla, ümumilikdə, 749 min 175 manat kompensasiya ödənişləri həyata keçirilib.

İSB-dən verilən məlumata əsasən, kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda (iflas etmiş sığorta şirkəti) təmin edilir.

XQ

İqtisadiyyat