MDB ölkələrinə məhsul ixracı artıb

post-img

Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 538 milyon ABŞ dolları təşkil edib. Bunun da 2 milyard 235,9 milyon dolları ixracın, 1 milyard 302,2 milyon dolları isə idxalın payına düşüb. Hesabat dövründə ölkəmizin xarici ticarət dövriyyəsində 933,6 milyon dollarlıq müsbət saldo qeydə alınıb.

İlin ilk ayında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri isə 392 milyon 232 min dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 164 milyon 222,3 min dollar və ya 29,5 faiz azdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,7 faiz artaraq 125 milyon 713,8 min dollar, idxalının dəyəri isə 40 faiz azalaraq 266 milyon 518,2 min dollar olub. Ümumilikdə isə, yanvarda MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 5,6 faiz, idxalında payı isə 20,5 faiz təşkil edib.

Azərbaycandan MDB ölkələrinə əsasən xam neft, neft məhsulları, təbii qaz, müxtəlif növ meyvə-tərəvəz və qida sənayesi malları (pomidor, fındıq, alma, xurma, gilas, nar və kartof, şəkər, meyvə-tərəvəz şirələri və konservləri, çay), sənaye və kimya məhsulları (polietilen, polipropilen, pambıq mahlıcı və ipliyi, sement klinkeri və bentonit gili, alüminium və ondan hazırlanan məmulatlar, polimer məhsullar, eləcə də qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub. İxracın strukturunda kənd təsərrüfatı və yüngül sənaye məhsulları üstünlük təşkil edib.

Azərbaycanın MDB ölkələrindən idxal etdiyi mallar isə əsasən qida və kənd təsərrüfatı məhsulları (buğda, bitki yağları, kərə yağı, süd məhsulları, qənnadı məmulatları və şokolad), enerji və yanacaq məhsulları (benzin və dizel), minik və yük avtomobilləri, avtobuslar və müxtəlif mexaniki avadanlıqlar, tikinti və sənaye materialları (qara metallardan çubuqlar və borular, ağac məmulatları, mebel və mineral gübrələr, sənaye avadanlıqları, həmçinin müxtəlif istehlak mallarından (tütün məmulatları, məişət kondisionerləri, paltaryuyan maşınlar və digər elektrik avadanlıqları) ibarət olub.

XQ

İqtisadiyyat